×
A
A
A
Sazlamalar

Gömrük Akademiyasında Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Bakı, 27 may, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 28 May - Müstəqillik Gününə həsr olunmuş “Tariximizin şanlı səhifəsi” adlı tədbir keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə DGKA-nın rəhbərliyi, əməkdaşları, tələbələri və Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı iştirak ediblər.
Tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbirdə xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş Müstəqillik Gününün tarixi əhəmiyyətindən bəhs edib. Mürəkkəb və ziddiyyətli geosiyasi şəraitdə müstəqil Azərbaycan dövlətinin yaradılmasından danışan Q.Novruzov bu əlamətdar tarixi hadisə ilə bağlı hər bir azərbaycanlının qürur hissi keçirdiyini deyib. XX əsrin əvvəllərində əldə edilmiş müstəqilliyin ömrünün qısamüddətli olmasına baxmayaraq, görülən işlərin müasir, qüdrətli Azərbaycanın yaranmasına zəmin hazırladığını qeyd edən Akademiya rəisi həmin dövrü yeni tariximizin şanlı səhifələrindən biri kimi dəyərləndirib. Yenidən müstəqilliyə qovuşduqdan sonra ölkəmizin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyini bildirən Q.Novruzov hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Akademiya rəisi, həmçinin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycanın artıq regionda yeni geosiyasi reallıqlar yaradan dövlətə çevrildiyini diqqətə çatdırıb.
Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanının Vətənimizin inkişafı üçün başlıca şərt olduğunu vurğulayan Qulu Novruzov Azərbaycan xalqının rifahının, əmin-amanlığının davamlı olmasını arzulayıb və bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Daha sonra tədbirdə məruzəçi qismində çıxış edən professor Musa Qasımlı Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salaraq qısa müddət ərzində əldə olunan nailiyyətlər və dövlət quruculuğu prosesində həyata keçirilən tədbirlər barəsində danışıb.
Musa Qasımlı çıxışında ölkəmizin müasir müstəqillik dövrünün keçdiyi inkişaf yolunda ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini də xüsusilə vurğulayıb. Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə diqqət çəkən M.Qasımlı ölkə iqtisadiyyatının sürətli və dinamik inkişafı, Azərbaycanın dünyada müstəqil xarici siyasət yürüdən ölkə kimi tanınması, hərtərəfli inkişaf strategiyası və onun təsirləri barəsində də ətraflı bəhs edib.
Azərbaycan xalqının artıq iki ildir ki, Müstəqillik Gününü daha qürurlu şəkildə, qalib xalq kimi qeyd etdiyini deyən millət vəkili ərazi bütövlüyü bərpa olunan müstəqil dövlətimizin, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi tarixdə özünün ən güclü dövrünü yaşadığını söyləyib. Çıxışının sonunda Musa Qasımlı Akademiyada yaradılan şəraiti yüksək qiymətləndirərək gənclərə vətənpərvərlik ruhunun aşılanması istiqamətində keçirilən bu cür tədbirlərin davamlı olmasını arzu edib və təbdir iştirakçılarını bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edib.
Tədbirdə həmçinin 28 May - Respublika Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Daha sonra tədbir bədii hissə ilə davam edib.

Cəmiyyət 2022-05-27 17:14:00