×
A
A
A
Sazlamalar

Sürətlə inkişaf edən müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub

Qax, 27 may, Mustafa Dadaşov, AZƏRTAC

Yüz dörd il əvvəl, 1918-ci il mayın 28-də Şərqdə ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımızın uzun illər arzusunda olduğu milli müstəqillik və azadlıq ideyaları reallaşdı. Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 28 May – Müstəqillik Günü münasibətilə mayın 27-də Qax şəhərində keçirilən tədbirdə səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə Ulu Öndərin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
YAP Qax rayon təşkilatının inzibati binasında keçirilən tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, Xalq Cümhuriyyətinin yarandığı dövrə qısa nəzər salıb, müstəqil Azərbaycan Respublikasının məhz Cümhuriyyətin varisi olduğunu vurğulayıb. Bildirilib ki, hər hansı xalqın təşəkkülü və qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlət mövcudluğu ən mühüm şərtlərdən biridir. Azərbaycan xalqını milli müstəqilliyə aparan yol nə qədər keşməkeşli, əzab-əziyyətli olsa belə, bu tarixi həqiqət bütün azərbaycanlılarda qürur və fəxarət hissi doğurur. Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşüb. Cəmi 23 ay fəaliyyət göstərmiş bu respublika xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirib, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərovanın “28 May – Müstəqillik Günüdür” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, bir xalq, millət olaraq azadlığımız, müstəqilliyimiz uğrunda illərlə mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Müstəqil dövləti olmaq, müstəqil dövlətdə yaşamaq səadətdir. Qüdrətli və möhkəm dövlət olmadan müstəqilliyi əldə saxlamaq mümkünsüzdür. Azərbaycan daim torpağına göz dikən, azadlığını təhdid edən, ona düşmən kəsilən yadellilərə qarşı mübarizə aparıb. Tariximiz azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir.
Tədbirdə çıxış edənlər Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün müstəqil Azərbaycanın yeni inkişaf dövrünü yaşadığını, dünya dövlətləri arasında öz layiqli yerini tutduğunu xüsusi vurğulayıblar.

Regionlar 2022-05-27 17:25:00