×
A
A
A
Sazlamalar

Haluk Bayraktar AMEA Yüksək Texnologiyalar Parkının innovativ məhsulları ilə tanış olub

Bakı, 27 may, AZƏRTAC

“TEKHNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında iştirak edən “BAYKAR Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar AMEA-nın pavilyonu ilə yaxından tanış olub, akademiyanın Yüksək Texnologiyalar Parkının (YTP) təqdim etdiyi innovativ məhsullara baxış keçirib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, Haluk Bayraktar ilk dəfə Türkiyədən kənarda, Bakıda keçirilən bu mötəbər festivalın yüksək səviyyədə təşkil olunduğunu söyləyib. Şirkətin baş direktoru AMEA pavilyonunda təqdim olunan məhsullar arasında xüsusən pilotsuz uçuş aparatları, robotlar, “ağıllı” qurğular, o cümlədən mühərrik və sürtkü yağlarına böyük diqqət göstərib, akademiyada əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.
“Düşünürəm ki, bu festival hər il daha da inkişaf edərək böyük bir platformaya çevriləcək”, - deyə qeyd edən Haluk Bayraktar festivalda iştirak edən hər bir müəssisə və təşkilata uğurlar arzu edib.
Yüksək Texnologiyalar Parkının baş direktoru iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov Haluk Bayraktarı rəhbərlik etdiyi texnoparkda əldə olunan nailiyyətlər, istehsal olunan rəqabətədözümlü məhsullarla yaxından tanışlıq və əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün YTP-yə dəvət edib.

Elm və təhsil 2022-05-27 18:05:00