×
A
A
A
Sazlamalar

Naxçıvan Müəllimlər İnstitutunda açılan xalça sərgisi maraqla qarşılanıb

Naxçıvan, 27 may, AZƏRTAC

Naxçıvan Müəllimlər İnstitutunda fəaliyyət göstərən “Xalça” dərnəyinin üzvləri və “Naxçıvan xalçaçılıq məktəbi” dərslərində iştirak edən qabiliyyətli tələbələr tərəfindən dekorativ əl işləri və xalça nümunələrindən ibarət sərgi təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə institutun rektoru Azad Novruzov çıxışında ali təhsil ocağında “Xalçaçılıq” dərnəyinin uğurla fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, dərnəyin məqsədi bu qədim sənət növünün yaşadılması və onun incəliklərinin gələcək nəsillərə ötürülməsinə töhfə verməkdir. Belə sərgilərin keçirilməsi isə gələcəkdə bu sahəyə marağı olan tələbələrin cəlb edilməsinə stimul verəcək.
İnstitutun prorektoru, İncəsənət kafedrasının müdiri Həbibə Allahverdiyeva və Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova çıxış edərək muzeydə təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə açıq dərslərin təşkil olunmasını xalçaçılıq ənənələrinin qorunub yaşadılması və təbliği baxımından yüksək qiymətləndiriblər.
Sonra institutun xalçaçılıq emalatxanasında istedadlı tələbələrin iştirakı ilə hazırlanan xalça və toxuculuq nümunələrindən ibarət sərgiyə baxış keçirilib.
“Xalçaçılıq” dərnəyinin üzvlərinin müxtəlif motivlərdə təqdim etdiyi nümunələr maraqla qarşılanıb. Onlar arasında xalqımızın Vətən müharibəsindəki birliyini simvolizə edən “Dəmir yumruq” nümunəsi xüsusilə diqqəti cəlb edib.

Regionlar 2022-05-27 18:04:00