×
A
A
A
Sazlamalar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxanalarda silsilə maarifləndirmə tədbirləri keçirib

Bakı, 27 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxanalarda yanğın təhlükəsizliyi qaydaları tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə növbəti silsilə maarifləndirmə tədbirləri keçirib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə növbəti tədbirlər Bakıdakı “Park inn”, “Jw Marriott Absheron”, “Courtyard by Marriott” və “Marriott Boulevard” mehmanxanalarında keçirilib.
Tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına obyekt rəhbərlərinin şəxsən məsuliyyət daşıdıqları, bütün əməkdaşların yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrinin zəruriliyi xüsusi vurğulanıb. Eyni zamanda, bina və binaətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib.
Əməkdaşlarla yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, həmçinin su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin tələbləri barədə ətraflı söhbət aparılıb.
Sonda ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əyani şəkildə izah edilib və suallar cavablandırılıb.

Cəmiyyət 2022-05-27 17:47:00