×
A
A
A
Sazlamalar

Müstəqillik Gününə həsr olunan stolüstü tennis turnirinin qalibləri müəyyənləşib

Bakı, 27 may, AZƏRTAC

“Şüa” İdman-Sağlamlıq Kompleksində 28 May - Müstəqillik Gününə həsr olunan stolüstü tennis üzrə ənənəvi “Top-8” turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda ölkə çempionatında ilk səkkiz yeri tutan idmançılar mübarizə aparıblar.
Yarışın açılış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova qarşıdakı beynəlxalq turnirlərə hazırlıq baxımından onun əhəmiyyətini qeyd edib. O, bildirib ki, turnir eyni zamanda, stolüstü tennisçilərin idman ustalığını artırmaq, bu idman növünün təbliği məqsədi ilə keçirilib.
Şəxsi xarakter daşıyan yarışda kişilərdən Emin Məmmədov, Adil Əhmədzadə, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Hüseyn Eylazov, Xəyal Həşimli, İbrahim Ansari, Əliverdi Şahgəldiyev qüvvəsini sınayıb. Qadın tennisçilərdən isə Rüfət Əliyeva, Məryəm İmanova, Nəzakət Qarayeva, Mərziyə Nürmətova, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Aliyə Haşımova və Billurə Eminova qələbə uğrunda mübarizə aparıb.
Dairəvi sistem üzrə iki yarımqrupda keçirilən turnirin nəticələrinə əsasən, kişi tennisçilərdən Emin Məmmədov birinci yeri tutub. Vəzir Allahverdiyev ikinci, Nihad Məmmədov isə üçüncü pillədə qərarlaşıblar.
Qadınların yarışı Ləman Abdulhəmidovanın qələbəsi ilə yekunlaşıb. İlk üçlüyü, müvafiq olaraq Mərziyyə Nurmətova ilə Nəzakət Qarayeva tamamlayıb.
Yarışın qaliblərinə Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunub.

İdman 2022-05-27 17:46:00