×
A
A
A
Sazlamalar

Ötən illərdən bağlı qalmış daha bir xüsusilə ağır cinayətin açılması təmin olunub

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində ötən illərdən bağlı qalmış daha bir xüsusilə ağır cinayətin açılması təmin olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2012-ci il oktyabrın 10-da Axundov Cəfər Məmmədmehti oğlunun Yasamal rayonu ərazisində özünə məxsus avtomobildə meyitinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra icraat təzələnib, birgə həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla müəyyən edilib ki, Şirinov Zöhrab Şirin oğlu 2012-ci il oktyabrın 10-da saat 14 radələrində tanışı və əvvəllər qonşuluğunda yaşamış Cəfər Axundovla Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən evdə narkotik vasitə qəbul etdikdən sonra sonuncunun narkotik sərxoşluğu vəziyyətinə düşməklə hərəkət etmək, müqavimət göstərmək imkanından məhrum olunduğunu görüb aralarında əvvəllər şəxsi münasibətlər zəminində baş vermiş mübahisəni - cüzi səbəbi bəhanə edib uzanıqlı vəziyyətdə qalmış Cəfər Axundovun həyatı üçün vacib orqanlarının yerləşdiyi qarın və sinə nahiyələrinə təpiklə zərbələr vurmaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb, daha sonra törətdiyi cinayəti gizlətmək və narkotik maddənin təsiri altında öz əcəli ilə ölməsi görüntüsünü yaratmaq məqsədilə həmin gün axşam saatlarında Cəfər Axundovun meyitini sonuncunun mülkiyyətində olan “Mercedes Benz C200” markalı, 90-LV-150 dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına qoymaqla Yasamal rayonunun “Qurd qapısı” adlanan ərazinin yaxınlığında yerləşən qəbiristanlığa aparıb avtomobildə cibinə şpris və içərisində narkotik vasitə izləri olan şüşə dərman qabını yerləşdirməklə oradan uzaqlaşıb.
Mayın 27-də Zöhrab Şirinova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan olunub.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

 

Cəmiyyət 2022-05-27 16:49:00