×
A
A
A
Sazlamalar

Daxili terrorizmi hədəf alan qanun layihəsi Senatda qəbul edilməyib

Vaşinqton, 27 may, AZƏRTAC

Son həftə ərzində Nyu-Yorkdakı ərzaq mağazası və Texasın ibtidai məktəbində baş vermiş atışmadan sonra ABŞ Konqresində federal hüquq-mühafizə orqanlarında daxili terror idarələrinin yaradılması haqqında qanun layihəsi irəli sürülüb.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasından keçsə də, Senatda qəbul edilməyib. Senatda “Daxili Terrorizmin Qarşısının Alınması Aktı” ilə bağlı 47 senator lehinə, 47 nəfər isə əleyhinə səs verib. Respublikaçı senatorun heç biri qanun layihəsinin lehinə səs verməyib.
Demokratların Senatdakı lideri senator Çak Şumer həmin qanun layihəsini gələcəkdə yenidən səsverməyə çıxarmağa imkan verən prosessual qaydanı tətbiq etmək üçün layihənin əleyhinə səs verib.
Senatdakı səsvermə Texas ştatının Yuvalde şəhərindəki ibtidai məktəbdə 18 yaşlı silahlının atəş açaraq 19 şagird və iki müəllimi qətlə yetirməsindən sonra baş verib. Qanun layihəsi ilk olaraq Nyu-Yorkun Buffalo şəhərindəki ərzaq mağazasında silahlı şəxsin nifrət əsasında 10 nəfəri öldürməsindən bir neçə gün sonra Nümayəndələr Palatasında qəbul edilib. Qanun layihəsi xüsusi olaraq daxili terrorizmi izləmək, təhlil etmək, araşdırmaq və mühakimə etmək üçün Daxili Təhlükəsizlik və Ədliyyə nazirliklərinin, eləcə də Federal Təhlükəsizlik Bürosunun daxilində xüsusi idarələrin yaradılmasını nəzərdə tutur.

AZƏRTAC-ın Vaşinqton bürosu

Dünya 2022-05-27 16:56:00