×
A
A
A
Sazlamalar

Yasamal kitabxanası ilə 38 nömrəli tam orta məktəb Müstəqillik Günü ilə əlaqədar tədbir keçirib

Bakı, 27 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova, Uşaq şöbəsinin sistem inzibatçısı Lalə Səlimova və Oxuculara xidmət şöbəsinin böyük kitabxanaçısı Elnara Qarayeva 28 May-Müstəqillik Günü ilə əlaqədar A.İ.Məmmədov adına 38 nömrəli tam orta məktəblə birlikdə “Müstəqil Azərbaycan” adlı tədbir keçiriblər.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabxananın əməkdaşı İradə Hüseynova çıxışında 28 May – Müstəqillik Günü haqqında məlumat verərək bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin tarixində ən mühüm hadisələrdən biri olmaqla xalqımızın azadlığı, müstəqillik arzusu və əzmini nümayiş etdirib. Bu səbəbdən hər il 28 May ölkəmizdə Müstəqillik Günü kimi qeyd olunur.
Məktəbin direktor müavini Gülnarə Vəliyeva 28 May-Müstəqillik Gününün yaranma tarixi haqqında ətraflı məlumat verib.
Tədbirdə məktəbin şagirdləri Müstəqillik Gününə həsr edilmiş şeirlər söyləyib, vətənpərvərlik ruhunda mahnılar səsləndiriblər.
Tədbirdə məktəblilər tərəfindən təqdim olunan ədəbi-bədii kompozisiyalar maraqla qarşılanıb.

Mədəniyyət 2022-05-27 16:22:00