×
A
A
A
Sazlamalar

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

Bakı, 27 may, AZƏRTAC

Mayın 27-də gənclərin peşə təhsilinin yaratdığı imkanlar barəsində maarifləndirilməsi məqsədilə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə ictimaiyyət nümayəndələri, orta məktəb şagirdləri, valideynlər, işəgötürənlər iştirak ediblər. İştirakçılar peşə təhsili müəssisəsinin emalatxanalarına baş çəkib, mövcud avadanlıq və xidmətlərlə yerində tanış olublar. Tədbirdə aşpaz, qənnadıçı-şirniyyatçı, bərbər, dərzi, ağac nəqqaşı, mebel ustası, elektrik qaz qaynaqçısı, kimyəvi analiz laborantı, laborant mikrobioloq, bərbər-vizajist-manikürçü, kompüter operatoru, rabitə avadanlıqlarının quraşdırıcısı və telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator ixtisaslarında təhsil alan tələbələrin əl işləri sərgilənib, eyni zamanda, həmin ixtisaslar üzrə ustad dərsləri təqdim edilib.
“Açıq qapı” günündə iştirakçılara 2022/2023-cü tədris ili üzrə qəbul aparılacaq ixtisaslar barədə, eyni zamanda, peşə təhsili müəssisələrinə qəbul qaydaları barədə ətraflı məlumat verilib. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini bitirmiş uğurlu məzunlar və işəgötürənlərlə karyera perspektivləri barədə müzakirələr aparılıb.

Elm və təhsil 2022-05-27 16:16:00