×
A
A
A
Sazlamalar

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu İstanbul Universiteti-Cərrahpaşa ilə əməkdaşlığa başlayıb

Bakı, 27 may, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu (ETTOİ) və İstanbul Universiteti-Cərrahpaşa arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
AZƏRTAC TƏBİB-ə istinadla bildirir ki, memorandum tərəflər arasında uzunmüddətli qarşılıqlı, faydalı elmi əməkdaşlığın dərinləşməsi, tibbi əməkdaşlığın möhkəmləndirilməsini ehtiva edir.
Memorandumun imzalanması mərasimində tibbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, müştərək elmi-praktiki konfransların, simpoziumların, ixtisasartırma kurslarının, təlimlərin birgə təşkili müzakirə olunub.
Çıxış edən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Elviz Qasımov İstanbul Universiteti-Cərrahpaşanın təkcə Türkiyədə deyil, dünyada da tibb sahəsində yeniliklərə nail olduğunu, yüksəkixtisaslı kadr hazırlığına töhfə verdiyini vurğulayıb. E.Qasımov səhiyyənin inkişaf etdirilməsi, institutda tibbi xidmətin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində görülmüş işlərdən danışıb. O, vətəndaşların travmatoloji əməliyyatlarının icbari tibbi sığorta çərçivəsində ödənişsiz icra olunduğunu qeyd edib. Elviz Qasımov gələcəkdə tibb işçilərinin təkmilləşdirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadilələrinin həyata keçirilməsinin, həmçinin birgə elmi tədqiqatların aparılmasının vacibliyindən danışıb.
İstanbul Universiteti-Cərrahpaşanın rektoru professor Nuri Aydın Azərbaycan-Türkiyə arasında bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də sıx əməkdaşlığın olduğunu bildirib. Nuri Aydın rəhbərlik etdiyi ali məktəb haqqında, tədris prosesi, həyata keçirilən layihələr barədə məlumat verib, əməkdaşlıq çərçivəsində görüləcək işlərin vacibliyindən danışıb. O, İstanbul Universiteti-Cərrahpaşanın tibb sahəsində bir marka olduğunu vurğulayaraq səhiyyə ilə bağlı Türkiyədə bir sıra yeniliklərə imza atdıqlarını da söyləyib. Nuri Aydın özü də tanınmış bir travmatologiya mütəxəssisi olaraq Azərbaycanın bu sahədə ixtisaslaşmış universiteti ilə uğurlu işlərə imza atacaqlarına inandığını bildirib. Daha sonra birgə görüləcək digər işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda Nuri Aydının rəhbərlik etdiyi nümayəndə heyəti institutun binası və görülən işlərlə tanış olub.

Səhiyyə 2022-05-27 16:14:00