×
A
A
A
Sazlamalar

Respublika Gənclər Kitabxanasında Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Bakı, 27 may, AZƏRTAC
Respublika Gənclər Kitabxanasında 28 May-Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bu münasibətlə kitabxanada Müstəqillik Gününə həsr edilmiş tədbir təşkil edilib.
Tədbirdə kitabxananın direktoru Aslan Cəfərov, Elmi işlər üzrə direktor müavini Xalidə Musayeva, şöbə müdirləri Tamella Məmmədova, Qənirə Əliyeva, Günay Həsənova və başqaları çıxış ediblər.
Aslan Cəfərov çıxışında xalqımızın istiqlal arzusunun nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, 23 aylıq fəaliyyəti dövrü haqqında məlumat verib. 70 il sonra 1990-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üç rəngli bayrağımızın ilk öncə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edildiyini, bir il sonra isə milli bayrağımızın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsis edildiyini bildirib. Prezident İlham Əliyevin “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən mayın 28-nin “Müstəqillik Günü” kimi təsis edildiyini vurğulayıb.
Tədbir iştirakçıları öz çıxışlarında Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyiblər, bu dövrdə bir çox ilklərə imza atıldığını – Milli Bankın, Bakı Dövlət Universitetinin, gömrük və poçt-teleqraf xidmətinin təsis edildiyini, məhkəmə qanunvericiliyi haqqında bir sıra qanunların qəbul edildiyini vurğulayıblar.
Tədbirdə kitabxana əməkdaşları tərəfindən hazırlanan Müstəqillik Gününə həsr edilən videomaterial və virtual kitab sərgisi nümayiş olunub. Hazırlanan materiallarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qurucuları haqqında geniş məlumat verilib. Burada ilk demokratik respublikanın fəaliyyətini əks etdirən yazılı məlumatlar, maraqlı faktlar, sənədlər, foto şəkillər öz əksini tapmışdır, cümhuriyyət dövrünün Azərbaycanda təhsil, mədəniyyət sahələrinə verdiyi töhfələr haqqında da məlumat verilib.
Materiallarda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, əhəmiyyəti, tarixdə tutduğu mövqeyi və ümumilikdə Azərbaycanın müstəqilliyinə dair söylədikləri fikirlər yer alıb. Virtual kitab sərgisində Xalq Cümhuriyyətindən bəhs edən ondan çox kitab, son beş ilin dövrü mətbuat nümunələri əks olunub.
Kitabxanada “28 May Müstəqillik Günü” adlı ənənəvi kitab sərgisi də təşkil edilib.

Mədəniyyət 2022-05-27 16:11:00