Yevlaxda Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib
Yevlax, 27 may, AZƏRTAC
Yevlaxda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş yevlaxlı müharibə veteranlarına medallar təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev şəhidlərimizin döyüş yoluna nəzər salıb, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirib. Qeyd edib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
A.Tağıyev Vətənə layiqli xidmət etdiklərinə görə tədbirdə iştirak edən müharibə iştirakçılarına öz minnətdarlığını ifadə edib. Bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü Vətən müharibəsində bir daha ortaya qoydu. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bizim milli qürur mənbəyimiz, çox şərəfli tariximizdir. Bu zəfəri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusudur.
Sonra çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən danışaraq, şanlı Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri şücaətdən, qəhrəmanlıqlardan bəhs ediblər.
Sonda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunmuş müharibə veteranlarına medallar təqdim olunub.
Veteranlar onlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək