×
A
A
A
Sazlamalar

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın II mərhələsi keçiriləcək

Bakı, 27 may, AZƏRTAC

Mayın 29-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrə) keçiriləcək.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 522 nəfər müraciət edib.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar.
Namizəd imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilmişdir) və özü ilə aşağıda qeyd olunan sənədləri gətirməlidir.
- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);
- imtahana buraxılış vərəqəsi.
İmtahanın davametmə müddəti 3 saatdır və namizədə seçdiyi peşəkar mühasib sertifikat növünə aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunur.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytında yerləşdirilmiş müvafiq linkdən çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. DİM imtahan iştirakçılarından kitabça ilə mütləq tanış olmağı xahiş edir.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 48 nəzarətçi müəllim, 6 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

Elm və təhsil 2022-05-27 15:32:00