×
A
A
A
Sazlamalar

“TEKNOFEST Azərbaycan” festivalında Texnologiya Universitetinin layihəsi maraqla qarşılanıb

Gəncə, 27 may, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Texnologiya Universiteti (UTECA) tələbələrinin “Rosol” (Robot solider) layihəsi “TEKNOFEST Azərbaycan” festivalı ziyarətçilərinin marağına səbəb olub.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, startap məhsulu hazırda istifadədə olan minaaxtaran avadanlıqlardan daha sərfəli, ən əsası insan amilini sıfıra endirən və asan ərsəyə gələn çoxfunksiyalı minaaxtaran və zərərsizləşdirən robotdur.
"Robotumuz minalanmış əraziləri özəl operatorlarla birlikdə kəşf edib, müəyyən etdiyi yerin koordinatlarını yollayacaq, hətta lazım gəldikdə tapılmış minanı yerindəcə uzaqdan zərərsizləşdirə biləcək. Hətta minanı götürüb başqa əraziyə də daşımaq qabiliyyətinə malikdir. Layihəmiz minalı ərazilərdə insan yaralanmaları və ölümlərinin sıfıra endirilməsini hədəfləyir. Burada robot insana nisbətən daha dəqiq işləyəcəyi üçün prosesləri sürətləndirir və xəta payı sıfra enir,” – deyə komandanın kapitanı Yusif Məmmədov deyib.
Qeyd edək ki, müsabiqə layihələrinin sərgiləndiyi zalda qərb bölgəsində yerləşən universitetlərdən yalnız Azərbaycan Texnologiya Universitetinin tələbələri stendlə çıxış edir. Universitetin “Rosol” komandası Robotexnika müsabiqəsində ilk onluqdadır.

Regionlar 2022-05-27 15:37:00