×
A
A
A
Sazlamalar

Gənclər Fondu fəaliyyəti dövründə beş minə yaxın yerli və beynəlxalq layihəni maliyyələşdirib

Bakı, 27 may, Həsrət Mahmudova, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun 10 illik yubileyi münasibətilə təşkil edilən tədbir çərçivəsində mayın 27-də Bakı Biznes Mərkəzində media nümayəndələrinin iştirakı ilə brifinq təşkil edilib.
AZƏRTAC xəbər verir ki, brifinqdə Azərbaycan Respublikası Gənclər Fondunun 10 il ərzində gördüyü işlər haqqında ictimaiyyətə geniş məlumat verilib.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd edib ki, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Gənclər Fondu gənclərə təhsil, məşğulluq və təcrübə, beynəlxalq təmsilçilik, asudə vaxtın səmərəli təşkili, fərdi inkişaf, ideyaların reallaşdırılması və digər sahələrdə dəstək alətləri təqdim edir. Fəaliyyəti dövründə Fond tərəfindən gənclər və gənclər təşkilatlarının beş minə yaxın yerli və beynəlxalq layihəsi maliyyələşdirilib, ümumilikdə bu layihələrdən ölkə üzrə 500 min nəfərdən çox gənc yararlanıb. “Bundan başqa, müsabiqə əsasında ölkə üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan 1190 istedadlı tələbənin təhsil xərci ödənilib, 47 gəncin isə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistr pilləsi üzrə təhsili dəstəklənib. Bununla yanaşı, 332 nəfər gəncin beynəlxalq tədbirlərdə iştirakının təmin edildiyi və 48 gəncin isə xarici ölkələrdə yerləşən beynəlxalq təşkilatlarda Gənclər Fondu vasitəsilə təcrübə keçdiyi qeyd edilib”, - deyə F.Cəfərov vurğulayıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) baş direktoru Ramtiq Alızadə diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2019-cu il 1 oktyabr tarixli Sərəncamına uyğun olaraq, ölkənin 55 şəhər və rayonunda Fondun nəzdində fəaliyyət göstərən GİKM-nin nümayəndəlikləri açılıb. Nümayəndəliklərdə son iki il ərzində 200 mindən çox gənc müxtəlif mövzularda təlimlər və layihələrə cəlb ediliblər.
Qeyd olunub ki, hesabat dövründə Fond tərəfindən gənclərin inkişafına yönəlik nadir layihələr həyata keçirilib. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində hər il ölkənin 100-ə yaxın ucqar kəndlərində on minlərlə gəncə dövlətimizin başçısının həyata keçirdiyi gənclər siyasətinin imkanlarının çatıdırılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtının səmərəli təşkili, dövlətçilik və vətənpərvərlik hisslərinin daha da artırılması istiqamətində iş aparılıb. 2019-cu və 2021-ci illərdə müvafiq olaraq, Qusar və Şamaxı rayonlarında təşkil olunan “YAYFEST” çadır düşərgələri minlərlə gəncin asudə vaxtının səmərəli keçirilməsinə, onların fərdi inkişaf və sosiallaşmasına xidmət edib. Gənclərin intellektual inkişafının dəstəklənməsi məqsədilə keçirilən “İntellektual klubların Gənclər Kuboku”nda ölkəmizin müxtəlif bölgələrindən olan minlərlə gənc yarışıb.
Könüllü hərəkatının dəstəklənməsi və inkişaf etməsi Fondun xüsusi prioritet istiqamətlərindən biridir. Belə ki, 2018-ci ildən etibarən hər il 5 dekabr - Beynəlxalq Könüllülük Günü ərəfəsində könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə “Könüllü həftəsi” keçirilib. Bununla yanaşı, könüllülərin dövlətimizin başçısının çağırışına cavab olaraq, pandemiya dövründə dövlət qurumları ilə çiyin-çiyinə COVID-19 virusu ilə mübarizə layihələri Fond tərəfindən yaxından dəstəklənib.
Fond Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, fəaliyyətinin təkmilləşdirilməsi, gənclər üçün əlçatanlığın artırılmasına xüsusi diqqət yetirməkdədir və bu məqsədlə innovativ kommunikasiya vasitələrini tətbiq edir. “GencAPP” adlı mobil tətbiq vasitəsilə gənclər Fondun, eləcə də digər dövlət qurumları və gənclər təşkilatlarının proqram və layihələri barədə məlumat almaqla yanaşı, onlara birbaşa müraciət etmək imkanı əldə edirlər.
Qeyd edilib ki, 2011-2021-ci illəri əhatə edən hesabat jurnalı ilə https://online.pubhtml5.com/qgdl/mpvk/#p=3 linki vasitəsilə tanış olmaq mümkündür.
Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis edilən Gənclər Fondunun 10 illiyi münasibətilə Fond tədbirinin rəsmi və bədii hissəsini Dənizkənarı Milli Park ərazisində gənclər festivalı ilə davam etdirib. Festivalda Fondun həyata keçirdiyi proqramlar və irimiqyaslı layihələrin əyani təqdimatı, aparıcı gənclər və könüllü təşkilatlarının stendlərindən ibarət sərgi, intellektual oyunlar, yumşaq bacarıqlar üzrə təlimlər, viktorinalar, istedadlı gənclərin musiqi proqramları təşkil edilib. Festival zamanı Fondun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr haqqında infoqrafik və informativ videolar, o cümlədən Fondun yerli və beynəlxalq tərəfdaşlarının təbrik müraciətləri nümayiş olunub.

Cəmiyyət 2022-05-27 15:19:00