×
A
A
A
Sazlamalar

Paytaxt məktəblərində valideynlərlə görüş davam edir

Bakı, 27 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) rəhbərliyinin valideynlərlə görüşü davam edir.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, növbəti görüş Sabunçu, Xəzər və Pirallahı rayon məktəblərini təmsil edən valideynlərlə keçirilib. 90 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva məktəb-ailə, müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan, valideynləri təhsil prosesinə cəlb etmək və onların təhsil müəssisəsi ilə əlaqəsini daha da genişləndirmək üçün həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
Valideynləri məktəblə münasibətlərdə daha fəal olmağa səsləyən BŞTİ-nin struktur bölmə rəhbərləri müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında fikirlərini bildiriblər.
Görüş zamanı valideynlərə məktəbin fəaliyyəti və tədris prosesi barədə ətraflı məlumat verilib. Valideynlərin tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və səmərəli fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşün keçirilməsində əsas məqsəd məktəb-ailə, müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, çevik ünsiyyət platforması formalaşdırmaqdan ibarətdir.

Elm və təhsil 2022-05-27 15:00:00