×
A
A
A
Sazlamalar

Elmi sessiya: Mirzə Ələkbər Sabir poeziyasında Azərbaycan dilinin leksikası

Bakı, 27 may, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Mirzə Ələkbər Sabirin 160 illik yubileyinə həsr olunan “Mirzə Ələkbər Sabir poeziyasında Azərbaycan dilinin leksikası” mövzusunda elmi sessiya keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Sessiyanı giriş sözü ilə açan Dilçilik İnstitutunun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli Mirzə Ələkbər Sabirin yaradıcılığından, şairə xalq məhəbbətindən söhbət açıb.
Professor bildirib ki, Sabir bütün müsəlman dünyasının ən böyük satirik şairlərindən biri olmaqla, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər bir ziyalı kimi qalıb. Azərbaycan ədəbi dilinin inkişafında, onun ümumxalq danışıq dili əsasında zənginləşdirilməsində Sabir yaradıcılığı xüsusi əhəmiyyət kəsb edir. Dahi mütəfəkkir çoxəsrlik milli poeziyamızın parlaq ənənələrini layiqincə yaşadıb, həm də ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldib, onu ictimai məfkurə baxımından zənginləşdirib. Nadir Məmmədli vurğulayıb ki, M.Ə.Sabir poeziyamızın dil imkanlarını genişləndirib, həm də fərqli dil-üslub xüsusiyyəti yaradıb. Onun şeirlərində cahilliyi, nadanlığı yayanlar xalqın düşməni kimi təqdim olunur.
Sessiyada institutun əməkdaşları Elçin İsmayılov “Sabir şeirinin lirizmi”, Gülbəniz Babayeva “Sabir satiralarının dil və üslub xüsusiyyətləri”, Zamiq Təhməzov “Sabir satiralarında psixologizmlər” mövzularında məruzə ilə çıxış ediblər. Bildirilib ki, M.Ə.Sabir dilimizin keşiyində dayanan, onun imkanlarından, üslubi çalarlarından yerli-yerində və böyük sənətkarlıqla bəhrələnən sənətkarlarımızdandır. Sabir satiralarının dili və üslubu canlı xalq danışıq tərzinə çox yaxındır.
Professor İsmayıl Məmmədli və institutun icraçı direktoru dosent Baba Məhərrəmlinin çıxışlarında vurğulanıb ki, satirik şairin yüksək istedadla yaratdığı əsərlərin başlıca qayəsini mənəvi saflığa, mədəni yüksəlişə və maariflənməyə çağırış təşkil edir. Ədibin bu gün də sevilə-sevilə oxunan, dillər əzbəri olan “Oxutmuram, əl çəkin” , “Xandostu, amandı qoyma gəldi” , “Əkinçi” və yüzlərlə bu kimi satirik şeirləri cəhalətdən qurtulmağa bir çağırış idi.

Elm və təhsil 2022-05-27 14:53:00