×
A
A
A
Sazlamalar

Bakıdakı Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin müəllimləri Gəncədə ustad dərsləri keçib

Bakı, 27 may, AZƏRTAC

Mayın 27-də Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin müəllimləri Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Uşaq incəsənət məktəbində tar, kamança, vokal və fortepiano ixtisasları üzrə ustad dərsləri keçiblər.
Dərslər Mədəniyyət Nazirliyinin “Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə Fəaliyyət Planı”na uyğun olaraq təşkil edilib.
AZƏRTAC xəbər verir ki, 15 nömrəli onbirillik musiqi məktəbinin müəllimi, Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədovanın fortepiano ixtisası üzrə keçirdiyi ustad dərsi Azərbaycanın görkəmli dövlət xadimi, bəstəkar Rauf Hacıyevin 100 illiyinə həsr olunub.
XX əsr Azərbaycan musiqi mədəniyyətinə böyük töhfələr vermiş Rauf Hacıyevin çoxşaxəli yaradıcılığından danışan müəllim dərs prosesində bəstəkarın uşaq musiqi məktəblərində tədris olunan əsərlərini təhlil edib.
Növbəti ustad dərsi vokal ixtisası üzrə aparılıb. Mehriban Hüseynovanın apardığı dərs Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunub. Dərs prosesində bəstəkarın vokal yaradıcılığından bəhs edən müəllim mahnı və romansların obrazı, mövzu, faktura tipi və harmonik dilin zənginliyindən danışıb. Bildirib ki, Azərbaycan musiqi sənətində yeniliyi və özünəməxsus milli ahəngliyi ilə seçilən böyük sənətkar F.Əmirovun əsərləri öz əlvanlığı, orijinallığı və xəlqiliyi ilə Azərbaycan musiqi xəzinəsini zənginləşdirib.
Fərid Quliyevin tar ixtisası üzrə ustad dərsi incə mütəfəkkir şair, cəsarətli dövlət xadimi, Qarabağın hakimi Mehdiquluxan Cavanşirin qızı Xurşidbanu Natəvana həsr olunub. Müəllim şagirdlərə Xurşidbanu Natəvan haqqında geniş məlumat verib və xüsusi olaraq diqqətə çatdırılıb ki, bu il Azərbaycan Prezidentinin Sərəncamı ilə şairənin anadan olmasının 190 illiyi ölkəmizdə geniş şəkildə qeyd edilir.
Svetlana Əliyevanın kamança ixtisası üzrə ustad dərsi isə Azərbaycan Dövlət Himninin mətninin müəllifi Əhməd Cavada həsr olunub. S.Əliyeva şagirdlərə Əhməd Cavadın ömür yolundan, zəngin yaradıcılığından və ölməz əsərlərindən danışıb. Müəllim qeyd edib ki, bu il Əhməd Cavadın anadan olmasının 130-cu ildönümü tamam olur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə ədibin yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin direktoru Sevil Ələkbərova bildirib ki, ustad dərslərinin keçirilməsində məqsəd məktəblərdə təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin yaradıcılıq bacarıqlarının düzgün istiqamətləndirilməsi, bədii-estetik zövqünün formalaşdırılması, müəllimlərə metodiki köməkliyin göstərilməsindən ibarətdir.

Mədəniyyət 2022-05-27 14:41:00