×
A
A
A
Sazlamalar

Dövlət Miqrasiya Xidmətində 28 May - Müstəqillik Gününə həsr edilmiş regional tədbir keçirilib

Bakı, 27 may, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətində (DMX) 28 May - Müstəqillik Gününə həsr edilmiş regional tədbir keçirilib.
DMX-dən AZƏRTAC-a verilən məlumata görə, Şəki Regional Miqrasiya idarəsində təşkil edilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən DMX rəisinin birinci müavini Vəli Nağıyev tariximizin ən şanlı və parlaq səhifələrindən olan 28 May - Respublika Gününün əhəmiyyətindən danışıb, həmin tarixin Azərbaycan xalqının qürur mənbəyi olduğunu bildirib. O qeyd edib ki, Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan dövləti Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi və əmanətidir. Ulu Öndərin uzaqgörən siyasətinin uğurlu davamı Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi zamanı özünü bir daha büruzə verdi. Xalqımızın 30 illik torpaq həsrətinə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Vətən övladlarının şücaəti ilə son qoyuldu.
Xidmət rəisinin birinci müavini, həmçinin son zamanlar qurum tərəfindən görülmüş işlər, elektron xidmətlərin sayının və keyfiyyətinin, məlumatlılığının artırılması istiqamətində atılan addımlardan danışıb. Xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, “ASAN xidmət indeksi” üzrə ardıcıl olaraq dördüncü dəfə DMX-nin ən yüksək nəticə göstərdiyi vurğulanıb.
Sonra Xidmətin yaradılmasının 15-ci ildönümü və Şəki regional miqrasiya idarəsinin yaranmasının 10 illik yubileyi ilə əlaqədar xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşan bir qrup regional miqrasiya idarəsi əməkdaşı medal və fəxri fərmanlarla təltif olunublar. Həmçinin DMX-nin Həmkarlar İttifaqının xatirə hədiyyələri təqdim edilib.
DMX-nin rəisinin birinci müavini Vəli Nağıyev və Xidmət rəisinin müavini Elman Əliyev əməkdaşları bir daha təbrik edərək onlara tapşırıq və tövsiyələrini veriblər.

Cəmiyyət 2022-05-27 14:09:00