×
A
A
A
Sazlamalar

Riyaziyyat və Mexanika İnstitutunda Müstəqillik Günü qeyd olunub

Bakı, 27 may, AZƏRTAC

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə Riyaziyyat Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Müstəqillik Gününün tarixi və fəlsəfi mahiyyəti barədə çıxış edib. M.Mərdanov müsəlman Şərqində yaranmış ilk demokratik respublikanın mövcud olduğu qısa müddət ərzində əldə edilmiş nailiyyətlərdən danışıb. Qeyd edib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir-çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu və cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Tədbirdə müstəqilliyimizin qorunub saxlanmasında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri vurğulanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların Ulu Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyalarının təntənəsi olduğu bildirilib. Çıxış edənlər 30 il əvvəl Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsini xalqımızın tarixində böyük hadisə kimi qiymətləndirib, ölkənin əldə etdiyi tarixi uğurlar barədə fikirlərini bölüşüblər.

Elm və təhsil 2022-05-27 14:08:00