×
A
A
A
Sazlamalar

Eyni amal uğrunda ortaq taleyi bölüşən üç sənətkara həsr olunan beynəlxalq konfrans keçirilib

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə “Eyni amal uğrunda ortaq taleyi bölüşənlər - Əhməd Baytursunlu, Hüseyn Cavid və Əhməd Cavad” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. AMEA-nın Hüseyn Cavidin ev-muzeyinin ev sahibliyi etdiyi konfrans öz işinə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun akt zalında plenar iclasla başlayıb.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli açaraq hər üç sənətkarı birləşdirən ümumi amalın xalq, millət və ümumiyyətlə, Turan uğrunda mübarizə olduğunu söyləyib. Qeyd edib ki, görkəmli ədiblərin müxtəlif illərdə ərsəyə gətirdikləri əsərlər türk xalqları arasında dostluq, qardaşlıq münasibətlərinin, ədəbi əlaqələrin inkişafında və möhkəmlənməsində mühüm rol oynayıb.
Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli çıxış edərək hər üç sənətkarın Turan uğrunda mübarizəsindən, türkçülük ideyalarına xidmətindən bəhs edib. O, Hüseyn Cavidin ev-muzeyi ilə Beynəlxalq Türk Akademiyasının birgə nəşrə hazırladığı “Hüseyn Cavidin seçilmiş əsərləri” kitabının ilk dəfə geniş ictimaiyyətə məhz bu konfransda təqdim olunduğunu vurğulayıb.
Plenar iclasda, həmçinin TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı çıxış edərək Azərbaycanın Dövlət Himninin müəllifi olan Əhməd Cavadın bütün türk dünyasında məşhur “Çırpınırdı Qara dəniz” şeirinin sətiraltı mənalarını açıqlayıb. Bildirib ki, istər Hüseyn Cavid, istər Əhməd Cavad, istərsə də Əhməd Baytursunlu türk dünyasında tanınan, imzasına hörmət olunan və hər məclisdə şeirləri ucadan oxunan ulu şairlərimizdəndir.
Tədbirdə Füzuli Məcidli türk dünyasındakı əlaqələrin inkişafındakı xidmətlərinə görə akademik İsa Həbibbəyliyə Beynəlxalq Türk Akademiyasının “Əlişir Nəvai” qızıl medalını təqdim edib.
Konfrans öz işini bölmə iclası ilə davam etdirib. Filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının moderatorluq etdiyi iclasda Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli “Azərbaycanda romantizm ədəbi cərəyanının banisi” mövzusunda, Hüseyn Cavidin ev-muzeyinin baş direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı “Hüseyn Cavid və türk ədəbiyyatı” mövzusunda məruzə edərək Hüseyn Cavidə türk dünyasının şair və ədiblərinin təsiri məsələsinə və onun türk dünyasında öyrənilməsi tarixinə ümumi nəzər salıblar. Bölmə iclasında, həmçinin Qazaxıstan Avrasiya Milli Universitetinin professoru Amantay Şarip, Qazax Universiteti nəşriyyatının baş redaktoru Kıdırbek Kunıpiyaulı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru Şahbaz Musayev və Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Nizami Tağısoy çıxış ediblər.
Daha sonra konfrans iştirakçıları Hüseyn Cavidin ev-muzeyinin ekspozisiya zalları ilə tanış olublar. Onlara Hüseyn Cavidin həyat və yaradıcılığı, tədqiqi, öyrənilməsi və təbliği istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Sonda konfrans iştirakçıları muzeyin rəy kitabına ürək sözlərini yazıblar.

 

Elm və təhsil 2022-05-27 13:49:00