×
A
A
A
Sazlamalar

Səhnə teatrının “Molla Nəsrəddin 2022” komediyasına ictimai baxış keçirilib

Bakı, 27 may, AZƏRTAC

Səhnə teatrının dramaturq Xaqani Əliyevin eyniadlı pyesi əsasında hazırladığı “Molla Nəsrəddin 2022” komediyasına Şuşa Dövlət Musiqili Dram Teatrında ictimai baxış keçirilib.
AZƏRTAC xəbər ki, media nümayəndələrinin və teatr ictimaiyyətinin iştirak etdiyi baxışda tamaşa maraq və alqışlarla qarşılanıb.
Tamaşa musiqi, rəqs, şən zarafatlar, güldürərək düşündürən hikmətli sözlər və xarakterik obrazlarla zəngindir. Bu obrazların arasında yaxın keçmişin Qoçusu, dünənin ziyalısı, bu günün blogeri də var. Onlar Molla Nəsrəddinin sevdiyi qıza qovuşmasına mane olmağa çalışırlar. Düşdüyü çətin vəziyyətlərdən həmişə çıxış yolu tapmağı bacaran Molla Nəsrəddin isə onu özü ilə aparmağa gəlmiş Əzrayıl ilə dostlaşır, ondan yaşamaq möhləti alır və bədxahları ilə mübarizəyə başlayır. Komik vəziyyətlərlə müşayət edilən bu mübarizədə Əzrayıl Molla Nəsrəddinə kömək edir.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, xoreoqrafı İmran Əlidir.
Rollarda Əməkdar artist Vaqif Kərimov, aktyorlar Elçin Hacı, Ramil Məmmədov, Əhliman Ərşadlı, Ruhiyyə Mahmudqızı, Rəbbilə Ələkbərzadə, Mahir Mirişli, Absalam Həşimli, Ağaəli Kərimzadə və Nazlı Quliyeva iştirak edirlər.
Qeyd edək ki, insanları sevgi və gülüşlə dolu mənalı həyat yaşamağa səsləyən “Molla Nəsrəddin 2022” tamaşasının premyerasının harada və nə vaxt oynanılacağı barədə məlumat Səhnə teatrının sosial şəbəkələrdəki səhifələrində paylaşılacaq.

 

Mədəniyyət 2022-05-27 13:36:00