×
A
A
A
Sazlamalar

Dövlət Məşğulluq Agentliyi və “McDonald’s Azərbaycan” QSC arasında memorandum imzalanıb

Bakı, 27 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “McDonald’s Azərbaycan” QSC arasında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və “McDonald’s Azərbaycan” QSC -nin direktoru Oskar Boqopolskiy imzalayıb.
Sənədin imzalanması tədbirində həyata keçirilən birgə layihələrdən, işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışılıb.
Memoranduma əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerlərinin yaradılmasına marağın artırılması məqsədilə müxtəlif təşviqedici tədbirlərin, o cümlədən proqram və layihələrin həyata keçirilməsi, istehsalat təcrübələri və müvafiq sahələr üzrə işlə təminat sahəsində birgə əməkdaşlıq ediləcək.
Həmçinin Agentliyin fəaliyyət istiqamətləri, qarşılıqlı maraq kəsb edən layihələr üzrə, eləcə də Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin məşğulluğuna dəstək vermək məqsədilə korporativ sosial məsuliyyət layihələri həyata keçiriləcək.
Xatırladaq ki, yanvarın 27-də korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən şirkətlərin mükafatlandırılması mərasimində “McDonald’s Azərbaycan” şirkətinə “Gənclərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyasında təltifnamə təqdim edilib.
Ölkəmizdə “McDonald’s Azərbaycan” şirkətinin hazırda 21 restoranı fəaliyyət göstərir və müəssisələrdə 2000-dən çox insan çalışır.

 

Cəmiyyət 2022-05-27 13:39:00