×
A
A
A
Sazlamalar

Fövqəladə Hallar Nazirliyi tərəfindən Xaçmaz rayonunda təlim-məşq keçirilib

Bakı, 27 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə Xaçmaz rayonunda təlim-məşq keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim-məşqin keçirilməsində əsas məqsəd Şimal Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Şimal dalğıc-axtarış qrupunun əməkdaşlarının xilasetmə əməliyyatları üzrə, o cümlədən xilasetmə texnika və avadanlıqlarından istifadə ilə bağlı bilik və bacarıqlarının artırılması, qarşılıqlı fəaliyyətlərinin daha da təkmilləşdirilməsi olub.
Təlim-məşqin planına uyğun olaraq Xaçmaz rayonunun Nabran kəndində yerləşən çimərlikdə şərti olaraq bir nəfərin batma təhlükəsi ilə bağlı daxil olmuş məlumat əsasında dərhal FHN-in Şimal Regional Mərkəzinin və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri “hadisə yerinə” cəlb olunaraq “zərərçəkmiş”in axtarışına başlayıblar. Həmçinin çimərlikdə toplaşan və “təlaşa düşmüş” vətəndaşlara, eləcə də “zərərçəkmişin yaxınlarına” xilasedicilər tərəfindən müvafiq psixoloji yardım göstərilib.
Aparılan axtarış tədbirlərinin nəticəsində şərti olaraq batma təhlükəsi ilə üzləşən şəxs dalğıc-xilasedicilər tərəfindən “xilas olunaraq” sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Yekunda təlim-məşqin nəticələri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Cəmiyyət 2022-05-27 13:26:00