×
A
A
A
Sazlamalar

“Bud-çanaq və diz atroplastikasında aktual problemlər” mövzusunda III Beynəlxalq kurs-seminar keçirilib

Bakı, 27 may, AZƏRTAC

Mayın 27-də Beynəlxalq Travmatoloq-Ortoped Cərrahlar və Dayaq-Hərəkət Aparatı Tədqiqatçıları Cəmiyyətinin (“AO Trauma”) Azərbaycan bölməsinin təşkilatçılığı ilə “Bud-çanaq və diz atroplastikasında aktual problemlər” mövzusunda III Beynəlxalq kurs-seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, kurs-seminarda ölkənin müxtəlif regionlarından, o cümlədən ABŞ və Türkiyədən mütəxəssislər iştirak ediblər.
“AO Trauma” Avropa bölümünün Azərbaycan üzrə əlaqələndiricisi, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatologiya bölməsinin rəhbəri, tibb elmləri doktoru, professor Aydın Qəhrəmanov bildirib ki, tədbirin məqsədi Azərbaycan travmatoloq və ortopedlərinin əsas elmi-nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsidir. Kurs diz və bud-çanaq oynağı atroplastikasında aktual problemlərə həsr olunub. Oynaqların dəyişdirilməsi və son illərdə oynaq dəyişdirildikdən sonra fəsadların müalicəsi ölkəmiz üçün aktualdır. Belə ki, icbari tibbi sığortanın tətbiqindən sonra ölkənin hər yerində protez əməliyyatlarının sayı kəskin artıb. Bununla yanaşı, fəsadlaşmalarda da artım qeydə alınıb. Odur ki, kurs-seminarın proqramı həm protezin fəsadlaşmaları və ona alternativlər, həm də ağır xəstələrin müzakirəsi üzərində qurulub.
Professor çıxışı zamanı Vətən müharibəsində travmatoloq-ortopedlərin yaralı hərbi qulluqçuların sağlamlığının bərpası istiqamətində böyük fədakarlıq göstərdiyini də qeyd edib.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Elviz Qasımov, travmatoloq-ortoped Eldar Abasov, İstanbul Bezmialem Vakıf Universitetinin professoru İbrahim Tuncay çıxışları zamanı bildiriblər ki, biliklə cərrahi təcrübənin düzgün uyğunlaşması travmatoloq-ortopedlərə nəzəriyyəni təcrübədən keçirməklə diz və bud-çanaq oynaqlarının dəyişilməsi sahəsində yaxşı nəticə əldə etməyə imkan yaradır. Çıxış edənlər qarşılıqlı təcrübə mübadiləsi və yeniliklərin müzakirəsinin bu sahənin inkişafına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Kurs-seminar müxtəlif mövzularda məruzələr və xəstə müzakirələri ilə davam edib. Kurs zamanı iştirakçılara dünyada bu sahə üzrə yeniliklər və onların tətbiqi yolları haqqında ətraflı məlumat verilib.
Kursun sonunda həkimlərə sertifikatlar təqdim olunub.

Səhiyyə 2022-05-27 13:18:00