×
A
A
A
Sazlamalar

Parlamentdə informasiya ilə bağlı Qanunda dəyişikliklər üçüncü oxunuşda təsdiqlənib

Bakı, 27 may, AZƏRTAC

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndinə əsasən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin mayın 27-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Sənədə əsasən, kritik informasiya infrastrukturunun təhlükəsizliyi həmin infrastrukturun təhlükəsizliyinə dair tələblərin müəyyən edilməsi, bu tələblərə uyğunluğunun qiymətləndirilməsi və aşkar olunan uyğunsuzluqların aradan qaldırılması, həmin tələblərə müvafiq olan informasiya təhlükəsizliyini idarəetmə sisteminin tətbiq edilməsi, habelə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması vəziyyətinə nəzarətin həyata keçirilməsi yolu ilə təmin ediləcək.
Dövlət sirri təşkil edən məlumatların, habelə fərdi məlumatların toplanılmasını və işlənilməsini həyata keçirən kritik informasiya infrastrukturunun təhlükəsizliyi dövlət sirri və fərdi məlumatlar haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla təmin olunacaq.
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə riayət edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə səlahiyyətli orqanın kritik informasiya infrastrukturunun subyektinə göndərdiyi sorğular təxirəsalınmadan cavablandırılmalıdır. Kritik informasiya infrastrukturunun subyekti ona məxsus kritik informasiya infrastrukturu obyektinə olan kiberhücumlara qarşı cavab tədbirlərinin görülməsi, habelə kibertəhdidlərin və kiberinsidentlərin qarşısının alınması ilə bağlı səlahiyyətli orqanın həyata keçirdiyi fəaliyyətə zəruri şərait yaratmalı və dəstək verməlidir. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərin pozulması Qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Dəyişikliyə görə, həmçinin Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan (qurum) tərəfindən təsdiqlənəcək.
Layihəyə əsasən, kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətin təşkili qaydası müəyyənləşir. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətin ümumi təşkili və əlaqələndirilməsi səlahiyyətli orqan tərəfindən həyata keçiriləcək.
Bundan başqa, kritik informasiya infrastrukturu obyektlərinin meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeyd olunmuş tələblər nəzərə alınmaqla müəyyəndiriləcək.
Qanun layihəsi səsvermədən sonra üçüncü oxunuşda qəbul edilib.

Cəmiyyət 2022-05-27 13:17:00