Təhsil İnstitutunda kimya fənninin yeni məzmun standartları müzakirə edilib
Bakı, 27 may, AZƏRTAC
Təhsil İnstitutu kimya fənni üzrə hazırlanmış yeni məzmun standartlarının ictimai müzakirəsinə başlayıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov kurikulumların təkmilləşdirilməsi prosesi barədə məlumat verib. Daha sonra işçi qrupun üzvləri VII-XI siniflər üzrə kimya fənninin kurikulumunda nəzərdə tutulan yeniliklər barədə təqdimat ediblər. Tədbirdə iştirak edən ümumtəhsil məktəblərinin müəllimləri tərəfindən kimya fənn kurikulumunda aparılan təkmilləşdirmə prosesi təqdirəlayiq hesab olunub.
Müzakirədə iştirak edən Təhsil İnstitutunun direktoru Rüfət Əzizov qabaqcıl ölkələrdə kimya fənninin tədrisində istifadə edilən müasir yanaşmalardan nümunələr verib və kimya fənni məzmununun təkmilləşdirilməsi zamanı bu təcrübələrin təhlil edilməsinin əhəmiyyətini vurğulayıb.
Bənzər müzakirələrin fərqli platformalarda davam etdirilməsi planlaşdırılır.
Qeyd edək ki, kimya fənninin kurikulumunun təkmilləşdirilməsində Sinqapurun “Alston” təhsil şirkətinin mütəxəssislərinin mentorluğundan istifadə edilib. Bu istiqamətdə ilk görüş Bakı məktəblərində kimya fənnini tədris edən qabaqcıl müəllimlərin iştirakı ilə keçirilib.
“Alqoritmika-rəqəmsal bacarıqların inkişafı” layihəsinə yekun vurulub
Akademik İbrahim İbrahimovun 110 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilir