×
A
A
A
Sazlamalar

İnzibati Xətalar Məcəlləsində dəyişikliklərlə bağlı qanun layihəsi birinci oxunuşda qəbul edilib

Bakı, 27 may, AZƏRTAC

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 449-VIQD nömrəli və 2022-ci il 25 fevral tarixli 487-VIQD nömrəli qanunları əsasında hazırlanıb.
Dəyişikliklərə əsasən, insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulmasına cəzalar müəyyənləşdirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanması, daşınması, idxalı və ixracına görə vəzifəli şəxslər üç (3) min manatdan beş (5) min manatadək məbləğdə, hüquqi şəxslər yeddi (7) min manatdan on min (10) manatadək məbləğdə cərimə edilir.
Həmçinin orqan donorluğu və transplantasiya zamanı meyit donorun qohumlarına münasibətdə resipiyentin, resipiyentə və onun qohumlarına münasibətdə meyit donorun anonimliyinin qorunmamasına görə vəzifəli şəxslər beş (500) yüz manat məbləğində, hüquqi şəxslər min (1000) manat məbləğində cərimə edilir.
Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl olunmamasına görə vəzifəli şəxslər iki min (2000) manat məbləğində, hüquqi şəxslər beş min (5000) manat məbləğində cərimə edilir.
Canlı donor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verilməməsinə görə beş yüz (500) manatadək məbləğdə cərimə edilir. Şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsinin olmasına dair məlumatların yayılmasına görə vəzifəli şəxslər min (1000) manat məbləğində, hüquqi şəxslər dörd min (4000) manat məbləğində cərimə edilir.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Cəmiyyət 2022-05-27 12:34:00