×
A
A
A
Sazlamalar

İnsan orqanlarının və toxumalarının alqı-satqısı ilə məşğul olanlar ciddi şəkildə cəzalandırılacaq

Bakı, 27 may, AZƏRTAC

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən Cinayət Məcəlləsində dəyişikliklərlə bağlı qanun layihəsini birinci oxunuşda təsdiq edib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin mayın 27-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsində 137-ci maddəyə dəyişikliyə əsasən, insan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası altı min manatdan (6 000) doqquz min (9 000) manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələrində və tibb müəssisələrindən kənarda donor orqanların götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi isə on min (10 000) manatdan on beş min (15 000) manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetmə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanın götürülməsi doqquz min (9 000) manatdan on beş min (15 000) min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bu əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə, həmçinin zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç (3) ildən beş (5) ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 137.1 – 137.4-cü maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda üç (3) ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd (4) ildən yeddi (7) ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Cəmiyyət 2022-05-27 12:32:00