×
A
A
A
Sazlamalar

Dövlət Arxivinin Lənkəran filialında tələbələr üçün açıq dərs-ekskursiya təşkil edilib

Bakı, 27 may, AZƏRTAC

Dövlət Arxivinin Lənkəran filialında Lənkəran Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Lənkəran Sosial və Aqrar Texnoloji Kollecin “Arxiv işi və kargüzarlıq” ixtisası üzrə təhsil alan III kurs tələbələrinin iştirakı ilə açıq dərs-ekskursiya keçirilib.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, filialın direktoru Rəfail Rzayev tələbələr qarşısında çıxış edərək sahə üzrə normativ hüquqi aktların tələblərini, dövlət arxivlərinin əsas iş qaydalarını dinləyicilərə izah edib, sənədlərin mühafizəsi, uçotu, komplektləşdirilməsi, istifadəsi, rəqəmsallaşdırılması və göstərilən elektron xidmətlər haqqında məlumat verib.
Eyni zamanda tələbələrə Dövlət Arxivinin Lənkəran filialı və onun əhatə etdiyi Astara, Lerik, Yardımlı və Masallı rayon dövlət arxivləri haqqında məlumat verilib.
Sonra sənədlərin mühafizəsi şəraiti əyani olaraq tələbələrə nümayiş etdirilib.
Həmçinin tələbələrə Milli Arxiv İdarəsi tərəfindən son dövrlərdə nəşr edilmiş vəsaitlər barədə məlumat verilib.
Filialın əməkdaşları A. Hüseynova və C. Babazadənin rəhbərliyi ilə açıq dərs sahələr üzrə məşğələ formasında davam etdirilib.

Mədəniyyət 2022-05-27 12:31:00