×
A
A
A
Sazlamalar

Özbəkistanın tanınmış şairi Xasiyat Rüstəmə həsr olunmuş “Xasiyat” adlı sənədli filmin təqdimatı olub

Daşkənd, 27 may, AZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Özbəkistanın tanınmış şairi, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, “Kitob dunyası” qəzetinin baş redaktoru Xasiyat Rüstəmə həsr olunmuş tədbir keçirilib, “Xasiyat” adlı sənədli filmin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə ədəbiyyat, sənət adamları, alimlər, jurnalistlər, universitetlərin müəllim və tələbələri iştirak ediblər.
Əvvəl iştirakçılara mərkəzin foyesində Xasiyat Rüstəm yaradıcılığına dair kitabların sərgisi təqdim olunub, şairənin Özbəkistanla yanaşı, Azərbaycanda nəşr olunan “Adı Lalə idi o qızın”, “Leyli ağaclar”, “44 gün” kitabları sərgilənib.
Bundan başqa, AMM-in layihəsi ilə Azərbaycan və özbək ədəbi əlaqələri, Azərbaycan tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı, habelə Qarabağ münaqişəsinə dair Daşkənddə özbək dilində çap edilən kitablar, nəşrlər nümayiş olunub.
AMM-in direktoru Samir Abbasov çağdaş özbək ədəbiyyatının tanınmış nümayəndəsi, xalqımızın yaxın dostu, Xasiyat Rüstəmin həyat və yaradıcılığı haqqında danışaraq, onun nəinki Özbəkistanda, dünyanın müxtəlif ölkələrində əsərlərinin nəşr olunduğunu qeyd edib. S.Abbasov Vətən müharibəsi günlərində Xasiyat Rüstəmin Azərbaycanın yanında olduğunu, xalqımızın üzləşdiyi faciələr, habelə Qarabağda qazandığımız Zəfərə dair təsirli əsərlər yaratdığını, poeziyanın dili ilə bu hadisələri insanlara çatdırdığını söyləyib. Direktor şairənin Qarabağdakı Zəfərimizə dair “44 gün” adlı əsərini yüksək qiymətləndirib.
O, Xasiyat Rüstəm haqqında çəkilən bədii-sənədli film haqqında danışaraq, filmin ərsəyə gəlməsində Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya təşəkkürünü bildirib.
Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini, şair Qayrat Məcid Xasiyat Rüstəmin özbək ədəbiyyatında xidmətləri, onun poeziyasının gözəlliyi və fərqli xüsusiyyətləri haqqında danışıb. Natiq dünyanın müxtəlif ölkələrində Xasiyat Rüstəmin əsərlərinin nəşr edildiyini vurğulayıb.
Ədəbiyyatşünas alim, dosent Adxambek Alimbekov və bədii-sənədli filmin rejissoru Olimcon Salimov Xasiyat Rüstəm yaradıcılığı, onun öz əsərləri ilə türk dünyası ədəbiyyatında xüsusi mövqeyə malik olduğunu qeyd ediblər.
Daha sonra “Xasiyat” adlı bədii-sənədli film nümayiş etdirilib. Film tanınmış şairin yaradıcılığı, keçdiyi ömür yolu, qazandığı uğurlara həsr olunub.
Filmin ssenari müəllifləri Şoyim Botayev və Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, rejissoru və operatoru Özbəkistanda yaşayan soydaşımız Eldar Məmmədovdur.
Sonda Xasiyat Rüstəm çıxış edərək ədəbi fəaliyyəti, yaradıcılığı haqqında danışıb, təqdimat mərasiminə görə dəstək göstərən qurumlara və şəxslərə öz təşəkkürünü bildirib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Mədəniyyət 2022-05-27 12:13:00