×
A
A
A
Sazlamalar

Siyəzəndə təşviqat aksiyası zamanı tütünün zərərli təsirindən bəhs olunub

Bakı, 27 may, AZƏRTAC

Siyəzən şəhərində 31 May – Ümumdünya Tütünsüz Gününə həsr olunmuş maarifləndirici təşviqat aksiyası keçirilib. Yerli sakinlərin və gənclərin fəal iştirak etdiyi aksiya tütünçəkmə ilə mübarizə sahəsində maarifləndirmə işini gücləndirmək məqsədi daşıyıb.
AZƏRTAC xəbər verir ki, aksiya Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib
Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova zərərli vərdişlərlə mübarizədə maarifləndirici tədbirlərin rolu haqqında danışıb.
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva tütünçəkmənin sağlamlığa ciddi ziyan vurmaqla yanaşı, həm də ətraf mühit üçün zərərli olduğunu qeyd edib: “Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1988-ci ildən başlayaraq hər il qeyd olunan 31 may - Ümumdünya Tütünsüz Gününün bu il “Tütün ətraf mühit üçün təhlükədir” şüarı altında keçirilir. Ona görə də səhiyyə işçiləri, ictimai səhiyyə mütəxəssisləri tütün məmulatlarından istifadənin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması üçün birgə səy və həmrəylik göstərməyi təbliğ edir”.
Mərkəzin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev isə çıxışında bildirib ki, passiv tütünçəkmə tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs almaqdır və bu hər kəsin, xüsusilə də uşaqların həyat və sağlamlığı üçün təhlükəlidir: “Araşdırmalara görə, tütün tüstüsündə 4 min zərərli kimyəvi maddələr var. Tütün tüstüsünün təsirinin təhlükəsiz səviyyəsi mövcud deyil. Heç bir ventilyasiya, heç bir filtr qapalı şəraitdə tüstünün təsirini təhlükəsiz səviyyəyə endirə bilməz. Odur ki, ölümcül təhlükələrdən yeganə qorunma yolu tütün tüstüsündən azad mühitin yaradılmasıdır”.
Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üçün komissiyanın məsul katibi Günel Ağayeva hər kəsi zərərli vərdişlərdən uzaq olmağa, sağlam həyat tərzi keçirməyə çağırıb.
Aksiya çərçivəsində “Tütün çəkmə, şəkil çək!” şüarı ilə məktəblilərin iştirakı ilə rəsm müsabiqəsi keçirilib. Hər kəsi sağlam həyat tərzi keçirməyə, sağlamlıqlarını və ətraf mühiti qorumağa səsləyən gənc rəssamlara xatirə hədiyyələri təqdim olunub.
Təşkilatçılar bütün iştirakçıları “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun tələblərinə ciddi riayət etməyə, qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağa və bu zərərli vərdişdən qurtulmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yaradılan “Tütündən imtina et” mobil aplikasiyasından faydalanmağa çağırıblar.
Aksiyada “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” selfi generatorundan istifadə etməklə fotoşəkillər çəkilib, maarifləndirici materiallar paylanılıb.

Səhiyyə 2022-05-27 12:04:00