×
A
A
A
Sazlamalar

Sənət yolunda sehrli izlər

Bakı, 27 may, AZƏRTAC
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, görkəmli bəstəkar Firəngiz Əlizadənin 75 illiyi təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin icraçı rəhbəri Günay Əliyeva bəstəkarı yubiley münasibətilə təbrik edib, onun Azərbaycan musiqi mədəniyyətinə verdiyi əvəzsiz töhfələrdən, aldığı çoxsaylı mükafatlardan, ölkəmizi bütün dünyada tanıtmasından və bəstələdiyi bənzərsiz əsərlərdən bəhs edib.
“Azərbaycan Dünyası” jurnalının təsisçisi və Baş redaktoru, “Dədə Qorqud” milli fondunun rəhbəri Eldar İsmayılov bəstəkarı “Mehriban ana” ordeni ilə təltif edib.
Konsertdə Prezident təqaüdçüləri Ş.Ağazadə, Ş.Rəsulova, N.Həsənli, A.Rüstəmzadə, V.Məmmədzadə, beynəlxalq müsabiqə laureatları Nuranə Salamova və Fərid Zeynalov çıxış ediblər.
Konsert proqramında “Kvartet üçün yazılmış əsər”, “Prelüd”, “Sevinc adası”, “Qarabağ süitası”, “Etüd”, “Kara toprak” əsərlərindən ibarət ifalar səsləndirilib.
Tədbirdə Əməkdar incəsənət xadimi, musiqişünas Zemfira Qafarova çıxış edərək yubilyarı təbrik edib, ona cansağlığı, işlərində yeni-yeni uğurlar arzulayıb: “Bu il bizim üçün çox sevinclidir. Çünki bu il Firəngiz xanımın yubiley ilidir. Firəngiz xanım mənim tələbəm olub. Onu ilk gündən bəri necə tanıyıramsa elə də qalıb - zərif və gözəl. O, yaradıcı insandır. Leopold və M.Rostropoviçlərin ev-muzeyi bizim üçün müqəddəs məkandır. M.Rostropoviç Firəngiz xanımın yaradıcılığını yüksək qiymətləndirirdi”.
Sonra Firəngiz Əlizadəyə həsr olunmuş film təqdim olunub. Qonaqlar muzeyin fondunda saxlanılan F.Əlizadənin yaradıcılığını əks etdirən “İnci bəstələr” adlı sərgi ilə tanış olublar.
Muzeyin rəhbərliyinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını bildirən Firəngiz Əlizadə Leopold və M.Rostropoviçlərin ev-muzeyinin onun üçün xüsusi bir məkan olduğunu söyləyib.
“Burada daim maraqlı hadisələr baş verir. Ata və oğul Rostropoviçlər Bakını çox sevirdilər. M.Rostropoviç XX əsrin dahilərindən idi. Biz fəxr edirik ki, belə bir dahi məhz bizim torpaqda dünyaya gəlib. Onun qızları Olqa və Yelana, həyat yoldaşı Q.Vişnevskaya da Bakını çox sevirdilər, bura böyük həvəslə gəlirdilər. Ölkəmizə gələn bütün görkəmli musiqiçilər, bəstəkarlar ilk öncə M.Rostropoviçin doğulduğu evi ziyarət edirdilər. Bu həmişə belə olub və mən inanıram ki, bundan sonra da belə olacaq”.

Mədəniyyət 2022-05-27 12:11:00