×
A
A
A
Sazlamalar

Keşlə qəsəbəsində kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Bakı, 27 may, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innoivativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakının Nizami rayonunun Keşlə qəsəbəsində M. Əliyev küçəsi 24/10, məhəllə 526/3 ünvanında “Delikat” MMC-yə məxsus kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkar olunub. Müəssisədə qeyri-qənaətbəxş sanitar-texniki və sanitar-gigiyenik vəziyyət, texnoloji ardıcıllığın və mal qonşuluğu prinsipinin gözlənilmədiyi, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, məhsulların markalanmasında istifadə olunan etiket məlumatlarının reseptura ilə uyğunsuzluq təşkil etdiyi, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Aşkar olunmuş pozuntularla əlaqədar müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Müayinələrin aparılması üçün istehsal olunmuş məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Araşdırmalar davam edir.

Sosial 2022-05-27 11:50:00