×
A
A
A
Sazlamalar

Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı yeni sanksiyalarını bloklayıb

Bakı, 27 may, AZƏRTAC

Çin və Rusiyanın nümayəndə heyətləri veto hüququndan istifadə edərək BMT Təhlükəsizlik Şurasının nüvə başlığı daşıya biləcək ballistik raket sınaqları səbəbindən Şimali Koreyaya qarşı əlavə sanksiyaların tətbiqi üzrə qətnamə layihəsini bloklayıb.
AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, Koreyaya qarşı yeni sanksiyalar üzrə səsvermə mayın 26-da baş tutub.
“Dünya KXDR-in açıq və aktual təhlükəsi qarşısındadır. BMT Təhlükəsizlik Şurasının təmkinliyi və susqunluğu bunu nəinki həll etməyib və hətta azaltmayıb. Əksinə, KXDR daha da ruhlanıb”, - deyə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.
Təhlükəsizlik Şurası son 16 il ərzində Pxenyanın nüvə silahı və ballistik raket proqramlarının maliyyələşdirilməsini əngəlləmək üçün Şimali Koreyaya qarşı ardıcıl olaraq sanksiyalar tətbiq edir. Bu məsələ ilə bağlı hazırkı səsvermə qurumun iki daimi üzvünün qərarın qarşısını aldığı ilk hadisədir.
Pxenyan bu həftə Şimali Koreyanın şərq sahilləri rayonunda üç ballistik raket sınağı həyata keçirib. Raketlər ABŞ prezidenti Cozef Bayden regionu tərk etdikdən bir neçə saat sonra buraxılıb.

 

 

Dünya 2022-05-27 11:43:00