×
A
A
A
Sazlamalar

Şamaxı Astrofizika Rəsədxanası elmi əməkdaşlıq əlaqələrini genişləndirir

Bakı, 27 may, AZƏRTAC

NASA-nın eksperti “Şərq-Qərb” elmi mərkəzinin direktoru, ABŞ-ın Merilend Universitetinin professoru, akademik Roald Saqdeyevin təşəbbüsü əsasında AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının alimləri ilə Astronomiya Tədqiqatları Mərkəzinin (Bernardo Universiteti, Santyaqo, Çili) direktoru professor Yelena Popova və mərkəzin aparıcı tədqiqatçıları, o cümlədən Pakistan və Avstraliyadan olan bir sıra astronomlar arasında onlayn elmi görüş keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Görüşdə Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru AMEA-ın müxbir üzvü Namiq Cəlilov gələcək elmi kooperasiyaların yaradılmasında bu kimi tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Alim bildirib ki, bu xüsusda ilkin olaraq birgə maraq doğuran aktual sahələrin müəyyənləşdirilməsi vacibdir.
Daha sonra elmi görüşdə iştirak edən astronomlar birgə elmi maraqların müəyyənləşdirilməsi üçün çalışdıqları elmi müəssisələrdə hazırda nəzəri və eksperimental sahələr üzrə aparılan elmi tədqiqatlar, qoşulduqları beynəlxalq elmi layihələr haqqında məlumat veriblər. Hər bir çıxışçı öz nitqini tamamladıqdan sonra iştirakçıların suallarını cavablandırıb.
Maraqlı keçən elmi müzakirələrin yekununda Şamaxı Astrofizika Rəsədxanası ilə Çili Astronomiya Tədqiqatları Mərkəzi arasında elmi əməkdaşlıq memorandumunun imzalanması ilə bağlı razılıq əldə olunub.

Elm və təhsil 2022-05-27 11:38:00