×
A
A
A
Sazlamalar

Enes Güneruz: “TEKNOFEST” festivalına gənclərin marağı gözlədiyimizdən də böyükdür

Bakı, 27 may, AZƏRTAC

“TEKNOFEST” xaricdə ilk dəfə olaraq Azərbaycanda təşkil edilir. Hər dəfə “TEKNOFEST” festivalları fərqli bir həyəcan yaşadır. Məqsədimiz festivalda xüsusilə gənclərimizi müdafiə sənayesi sahəsində edə biləcəklərimizi göstərməkdir. Digər tərəfdən onlarda həyəcanverici hissləri ortaya çıxarmaq, özlərinə inam yaratmalarına kömək etməkdir. Həmçinin onların layihələrini mühəndislərimiz tərəfindən reallaşdırmaqdır.
AZƏRTAC xəbər verir ki, bunu “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının iştirakçısı Enes Güneruz AZƏRTAC-a müsahibəsində bildirib.
O deyib: “Bu festivalda iştirakımız zamanı belə bir qənaətə gəldik ki, “TEKNOFEST Azərbaycan” həqiqətən “Bir millət, iki dövlət, tək festival” olan tədbirdir. Azərbaycanda olarkən özümü doğma şəhərimdəki kimi hiss edirəm. Festivala gənclərin marağı gözlədiyimizdən də böyükdür. Biz hər zaman Azərbaycanın yanında olacağımızı göstərmək istəyirik. Türkiyə Müdafiə Sənayesinin şirkətlərinin təxminən yarısı buradadır. Qeyd etmək istəyirəm ki, Türkiyə və Azərbaycan birlikdə olanda çox güclü olur. Festivalda ziyarətçilərə yeni istehsal etdiyimiz məmulatları göstəririk. İnanırıq ki, gələcəkdə onlardan kimsə çox uğurlu mühəndis olacaq. Həmin gənclər həm Azərbaycan, həm də Türkiyə üçün daha yaxşı müdafiə sənayesi sistemləri yaradacaqlar. Biz də bildiklərimizi gələcəkdə onlara ötürəcəyik. Ona görə bu sahədə hazırlıqlar nə qədər tez başlayarsa, bu gənclərimiz üçün bir o qədər fayda olar”.
E.Güneruz bildirib ki, “TEKNOFEST Azərbaycan” çox uğurla və yüksək səviyyədə təşkil edilib. Hazırda azərbaycanlı qardaşlarımızla birgə olduğumuz üçün özümüzü evimizdəki kimi hiss edirik. Layihələrimizi onlara təqdim edirik. Bizim dəstək olduğumuz tədbirlərdə onları da görmək istəyirik. Hazırda Türkiyənin müdafiə sənayesi Azərbaycanın müdafiə sənayesinə dəstək olur. Bəlkə gələcəkdə də azərbaycanlı qardaşlarımız bu sahədə müxtəlif tədbirlər təşkil edəcəklər. Odur ki, biz bir-birimizi tamamlamaqla birlikdə daha yüksək zirvələrə çatacağımıza ümid edirik.
Qeyd edək ki, mayın 26-29-da Bakıda ilk dəfə “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirilir.

Cəmiyyət 2022-05-27 11:14:00