×
A
A
A
Sazlamalar

Şirvanda şəhidlərin təltif edildiyi medallar ailələrinə təqdim olunub

Şirvan, 27 may, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan şəhərində şəhid ailələri ilə görüş keçirilib. “Şəhid anası” memorial abidə kompleksinin önündə şəhid ailələri ilə görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, icra hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin, şəhər bələdiyyəsi və icra hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Şəhidlər xiyabanı və Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin şərəfinə ucaldılan abidə, Birinci Qarabağ müharibəsinin şəhidi Mübariz İsrayılovun məzarı ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrinə vətənpərvər, igid oğullar yetişdirdikləri üçün təşəkkürünü bildirib. O, 44 günlük Vətən müharibəsindən söz açaraq, şanlı Qələbənin ən başlıca səbəbinin Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının, eləcə də milli birliyin, döyüşçülərimizin qəhrəmanlığının, vətənpərvərliyinin, ruh yüksəkliyinin olduğunu diqqətə çatdırıb. Azərbaycan Ordusunun döyüşlərdə ən müasir silahlardan peşəkarlıqla istifadə etməsinin, yüksək dağlıq şəraitdə, sıldırım qayalarda həyata keçirilən əməliyyat nəticəsində Şuşanın ermənilərdən təmizlənməsinin Azərbaycanın hərb tarixinə şərəfli səhifə kimi yazıldığı qeyd edilib.
İlqar Abbasov şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb, bu qayğının Şirvan şəhərində də davam etdirildiyini vurğulayıb. Həmçinin şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər xiyabanında aparılan abadlıq-quruculuq işlərindən bəhs edib.
Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.
Şəhid ailələrinin üzləşdikləri problemlərin həlli istiqamətində aidiyyəti qurumlara zəruri tapşırıqlar verilib.
Sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş Şirvan şəhidləri Məmmədli Cavid Natiq oğlu, Hüseynov Nicat Ziyafət oğlu, Mənəfli Əli Əflan oğlu, İsmayılzadə Şəhriyyar Əkbər oğlu, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Balayev Elvin Azadxan oğlunun medal və vəsiqələrinin təqdimat mərasimi keçirilib.
Sonda şəhər məscidinin imamı Əvəz Mehrəliyev bütün şəhidlərimizin ruhuna dualar oxuyub.

Regionlar 2022-05-27 11:10:00