×
A
A
A
Sazlamalar

Qəbələdə Vətən müharibəsi şəhidlərinin təltif edildiyi medallar ailələrinə təqdim olunub

Qəbələ, 27 may, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsində göstərdikləri igidliyə görə təltif edilmiş Qəbələ rayonundan olan şəhidlərin ailə üzvlərinə medallar təqdim edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, medalların təqdim edilməsi ilə əlaqədar mayın 26-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində keçirilən tədbirdə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açılıb, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışılıb.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev 44 günlük savaşda qazandığımız tarixi nailiyyətlərə görə Müzəffər Ali Baş Komandana, onun rəhbərliyi altında xalqımızı şanlı Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən qeyrətli, cəsur qazilərimizə, canından keçən şəhidlərimizə ömür boyu borclu olduğumuzu vurğulayıb, şəhidlərə Allahdan rəhmət, onların valideynlərinə səbir, qazilərə cansağlığı arzulayıb.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Regionlar 2022-05-27 10:42:00