×
A
A
A
Sazlamalar

Azərbaycan Rəngkarlıq Muzeyində “Mövcudluqda ünsiyyət” adlı sərgi açılıb

Bakı, 27 may, AZƏRTAC
Mayın 26-da YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində rəssam Ucal Haqverdiyevin ilk genişmiqyaslı sərgisini təqdim edib.
Sərgi fərdi və ictimai kolleksiyalardan toplanmış ekspozisiya, 250-yə yaxın rəngkarlıq və qrafika əsərləri ilə rəssamın yaradıcılığının tam spektrini əhatə edərək, onun bir çox rəsmlərini, eskizlərini, albom qaralamalarını, şeirlərini, şəxsi əşyalarını, eləcə də fotolarını ilk dəfə bir araya gətirib. Əsərlərin əksəriyyəti geniş ictimaiyyətə ilk dəfə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları rəssamın əsərlərindən ibarət sərgi ilə tanış olublar.
YARAT Müasir İncəsənət Məkanının ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Hökümə Kərimova sərgi haqqında və tədbirin keçirilməsinin məqsədi barəsində məlumat verib.
Ucal Haqverdiyevin yaradıcılığı barədə və ümumən sərgi haqqında danışan sərginin kuratoru Fərəh Ələkbərli tədbirin əhəmiyyətindən söhbət açıb. "Rəngkarlıq Muzeyinin fəaliyyətində ilk dəfədir ki, bu qədər çox iştirakçı və qonaq görürük. Bizə xoşdur ki, Ucal Haqverdiyevin sərgisi bu qədər marağa səbəb olub. Bu sərginin ideyası yarananda, məqsəd rəssam Ucal Haqverdiyevi hamının tanıdığı kimi yox, onu çoxşaxəli bir rəssam kimi göstərmək idi. Bugünkü sərgidə biz tamamilə fərqli stilistika və janrlarda olan rəsm nümunələri gördük”.
Çıxışının sonunda F.Ələkbərli bu sərginin araya-ərsəyə gəlməsində əməyi keçən hər kəsə, eləcə də layihənin rəhbəri Leyla Ağayevaya öz təşəkkürünü bildirib.
Ucal Haqverdiyevin həyat yoldaşı, rəssam Yelena Haqverdiyeva onunla bağlı xatirələrini bölüşüb və onun yaradıcılığının ən incə nüansları barədə məlumat verib: “Mənim üçün bu gün çox önəmlidir. Bu səbəbdən də xoşbəxtəm. Sərgini təşkil edənlərə öz təşəkkürünü bildirirəm”.
Sonra rəssamın oğlu Butunay Haqverdiyev mərhum atası haqqında öz xoş təəssüratlarını bölüşərək, sərgidə iştirak edən bütün iştirakçılara minnətdarlığını çatdırıb.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Qeyd edək ki, “Mövcudluqda ünsiyyət” Ucal Haqverdiyevin “məkanda olması” ideyasını nəql edir. Sərgi rəssamın yaradıcılığının bütün bucaqlarını işıqlandıraraq, onunla səssiz “dialoqda” olmaq imkanını təklif edir. Rəssamın həyatda olmamasına baxmayaraq, sərgi Ucalın məkana “müşahidə” və “nəzarət” etməsi konseptindən çıxış edir. Bu “ünsiyyət” Ucalın “mövcudluğunu” hiss etdirir. Rəssamın daxili aləmindən bəhs edən ekspozisiya, onun şəxsiyyətinin və yaradıcılığının bütün aspektlərini əks etdirməklə, həm də onu daim yeniliklər axtarışında olan mükəmməl kolorist və rəsm bilicisi kimi də təqdim edir. Ötən əsrin 80-ci illərində yaradıcılıq yoluna başlayan Ucalın müxtəlif janr, istiqamət və növlərdə bədii axtarışları, eksperimentləri məlumdur. Təkcə vizual axtarışlarla deyil, həm də tematik cəhətdən zəngin olan yaradıcılığında rəssam gündəlik mövzulardan savayı (insanlar, heyvanlar, təbiət, əşyalar və s.) təxəyyül və yuxular, eləcə də şərq fəlsəfəsi və dini mövzulara ciddi istinadlar edir. Bu axtarışların nəticəsində Ucal bənzərsiz dəst-xətti ilə müstəsna vizual dilini yaradaraq, öz müxtəlifliyində heç kimə bənzəməyən rəssam kimi incəsənət tarixində qalıb.
Rəssam həyatının son 5 ilini Bakıda yerləşən Mixail Arxangel kilsəsinin divar rəsmlərinin çəkilməsinə həsr edib. Ölümündən sonra yarımçıq qalmış işini onun həyat yoldaşı, rəssam Yelena Haqverdiyeva tamamlayıb.
Tədbir Mixail Arxangel kilsəsi xorunun çıxışı ilə davam edib.

Mədəniyyət 2022-05-27 10:14:00