×
A
A
A
Sazlamalar

Yaponiyada batan kruiz gəmisi dənizin dibindən qaldırılıb

Tokio, 27 may, AZƏRTAC

Aprelin 23-də Yaponiyada göyərtəsindəki sərnişinlərlə birlikdə batmış “KAZU 1” kruiz gəmisi dənizin dibindən qaldırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Qeyd edilir ki, bu, gəminin suyun dibindən qaldırılması üçün ikinci cəhd olub. İlk dəfə 120 metr dərinlikdən qaldırılan gəmi troslar qırıldığına görə 182 metr dərinliyə düşüb.
Gəminin təkrar qaldırılmasına mayın 24-də başlanılıb və bu cəhd cümə günü gecə saatlarında uğurla nəticələnib. Platformaya qoşulan “KAZU 1” gəmisi Hokkaydo adasındakı Abaşiri limanına aparılıb. Qeyd edilir ki, quruya çıxarılacaq gəmidə qəzanın baş verməsi səbəbləri araşdırılacaq. Gəmidə olanlardan 14-nün cəsədi tapılıb, daha 12 nəfər itkin düşmüş hesab edilir.
Yayılan məlumata görə, “KAZU 1” ekskursiya gəmisi aprelin 23-də qəza siqnalı verib və sonradan onunla əlaqə kəsilib. Gəminin göyərtəsində ikisi uşaq olmaqla 26 nəfər olub.
İlkin ehtimala görə, gəmi pis hava şəraiti, həddindən artıq hündür dalğalar və təhlükəsizlik texnikasının yarıtmaz vəziyyətdə olması səbəbindən batıb. Həmçinin gəminin məxsus olduğu şirkətin dənizçilik qaydalarını pozduğu və hava haqda məlum proqnoza baxmayaraq, onu dənizə göndərdiyi bildirilir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2022-05-27 08:31:00