×
A
A
A
Sazlamalar

Zərərsizləşdirilən düşmən hərbi sursatlarından hazırlanan sənət əsərləri “TEKNOFEST Azərbaycan”da nümayiş etdirilir

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-dan 29-dək keçirilən “TEKNOFEST Azərbaycan” festivalının sərgi pavilyonlarında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müxtəlif qurumlarının və struktur bölmələrinin -“Elektron Hökumətin İnkişafı Mərkəzi”nin, “ABAD”ın, “YAŞAT” Fondunun, ASAN Radionun, “İnnovasiyalar Mərkəzi”nin innovativ məhsul və həlləri nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən “Kibergigiyena” yarışması təşkil edilir. Yarışmada insanlar kibergigiyena biliklərini sınamaq üçün əlaqə məlumatlarını qeyd edərək biliklərinin yoxlanılması üçün suallara cavab verirlər. Yarışma üzrə müəyyən olunan keçid həddini keçənlərin e-mail ünvanlarına elektron sertifikatlar göndərilir. Eyni zamanda, mərkəz tərəfindən festivalda əşyatanıma funksiyasına malik süni intellekt həlləri təqdim olunur. Yarışmaya qatılan iştirakçılar onun tələblərinə uyğun olaraq verilən sualların cavablarını orada təqdim olunan real əşyalar arasından seçərək təqdim edirlər. Süni intellekt isə öz növbəsində cavabın düzgün və ya səhv olduğunu müəyyən edərək iştirakçını qiymətləndirir.
Mərkəzə aid monitorda süni intellekt mexanizmləri əsasında hazırlanan daha bir iş - “ASAN Chatbot” nümayiş edilir. Nümayiş zamanı stendin ziyarətçiləri tərəfindən elektron hökumət həlləri və “ASAN xidmət”in fəaliyyəti barədə suallar monitor vasitəsi ilə təqdim edilir və “ASAN Chatbot” tərəfindən yerindəcə cavablandırılır.
Maliyyə sahəsində 70-ə yaxın qurumun inteqrasiyasını təmin edən və həmin sahədə rəqəmsallaşma prosesinin təkmilləşdirilməsinin əsasını təşkil edən “ASAN Finans”ın mahiyyəti izah edilir. Xüsusi hazırlanmış videoda layihənin icrası nəticəsində xilas edilmiş ağacların sayı göstərilir.
Stenddə Mərkəzin dövlət qurumlarının portallarına çıxış üçün vahid giriş aləti olan “ASAN Login” layihəsi də təmsil olunur. Həmin məqsədlə ayrılmış könüllülərin dəstəyi ilə həm monitor, həm də xüsusi planşetlər üzərindən iştirakçılar “ASAN Login”dən videoqeydiyyat üsulu vasitəsilə qeydiyyatdan keçirlər.
Sərgi iştirakçıları üçün “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalına monitor vasitəsilə toxunub öz məlumatlarına baxmaq imkanı yaradılıb. “myGov” portalında qeydiyyatdan keçməyən vətəndaşlar isə monitorun yanında, könüllünün köməyi ilə qeydiyyatdan keçirlər.
Dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və dövlət xidmətlərinin rəqəmsallaşdırılması məqsədilə formalaşdırılan “ASAN Bridge” Milli Məlumat Mübadiləsi Sistemi də sərgidə nümayiş olunur. Xüsusi dizayn edilmiş masaüstü maket vasitəsilə Elektron Hökumət İnformasiya Sisteminin işləmə prinsipləri izah edilir.
“ABAD” publik hüquqi şəxs “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı üçün xüsusi hazırlanmış “Səngərdən sənətə” sərgisi ilə çıxış edir. Sərgi ANAMA-nın dəstəyi ilə yaradılıb. Layihə çərçivəsində ANAMA işğaldan azad edilmiş torpaqlarda aşkar etdiyi və zərərsizləşdirdiyi düşmən hərbi sursatlarını “ABAD”a təhvil verib. Öz növbəsində ABAD-çı Fərid Nəcəfov həmin qalıqları sənət əsərlərinə çevirərək sərgi üçün təqdim edib. Eksponatların hər biri stimpank üslubunda hazırlanıb və İkinci Qarabağ müharibəsi mövzusuna aiddir.
Eyni zamanda, ABAD-çılar tərəfindən hazırlanan “TEKNOFEST Azərbaycan Aerokosmik və Texnologiya Festivalına aid tədbirin logo və digər atributlarını təsvir edən suvenirlərin satışı təşkil olunur.
“YAŞAT” Fondu tərəfindən şəhid övladlarından ibarət komandanın “Zəfər yolu” üzərindən dron uçuşu nümayişi təşkil olunub. Eyni zamanda, maketin yanında Fondun hesabatlılığı ilə bağlı videoçarx nümayiş olunur.
ASAN Radio tərəfindən festival çərçivəsində pavilyonda qonaqlarla müsahibələrin təşkili, radionun studiyası ilə birbaşa canlı bağlantı, feysbuk səhifəsi üzərindən canlı yayımın təşkili üçün səyyar studiya təşkil edilib.
Ziyarətçilərə “İnnovasiyalar Mərkəzi” tərəfindən onlayn rejimdə psixoloji testlərdən keçmək təklif olunur. Əlavə olaraq ziyarətçilər VR eynəklər vasitəsilə texnologiya və innovasiyanın onları qısa müddət ərzində real dünyadan necə ayırdığının şahidi ola bilərlər. Çoxfunksiyalı toxunuşla məlumat monitorları da nümayiş etdirilir
Eyni zamanda, Türkiyə Texnologiya Komandası Fondunun (T3) pavilyonunda “Bilim Bakı” mərkəzinin stendi təqdim olunur. Burada Mərkəzin altı laboratoriyası - təbiət elmləri, texnologiya, riyaziyyat, astronomiya, kosmos və aviasiya, dizayn və sahibkarlıq laboratoriyaları nümayiş olunur.
Sərgidə, eyni zamanda, “Deneyap Texnologiya proqramına qeydiyyat həyata keçirilir.
Festival çərçivəsində ümumilikdə 10 kateqoriya üzrə müsabiqələrin təşkili planlaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Sosialyönümlü texnologiyalar” müsabiqəsinin təşkilatçısıdır.
“Sosialyönümlü texnologiyalar” müsabiqəsi fərdlərin öz sosial məsuliyyət məlumatlılığı ilə texnoloji bilik və təcrübələrini inteqrasiya edərək cəmiyyət üçün faydalı layihələri ərsəyə gətirmələrinə dəstək məqsədi daşıyır. İnsan həyatına təsir edən bütün sahələrdə innovasiya və texnoloji inkişaf ilə tətbiq olunacaq layihələrin hədəfində faydalılıq, cəmiyyətə töhfə və asanlaşdırma dayanır. Həmin istiqamətdə təqdim olunan layihələr qiymətləndirilərək tətbiq olunacaq.
Sosialyönümlü texnologiyalar müsabiqəsi Sosial innovasiya, GovTech, sağlamlıq və ilk yardım kateqoriyalarını əhatə edir.
Layihənin ilkin qiymətləndirilməsi mərhələsində (CDR) ümumilikdə B və C kateqoriyaları üzrə 111 komanda layihələri ilə müraciət edib. Növbəti mərhələ olan Layihə təqdimat videosu mərhələsinə (PDR) 41 layihə keçib. Sonuncu mərhələyə keçmiş komandalar vizual təqdimat və komandanın identifikasiyası üçün tanıtım posterinin dizaynını hazırlayacaqlar. “Qrand final”a keçən iştirakçılar mayın 29-da “TEKNOFEST” festivalında elan ediləcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi festivalın tərəfdaşıdır.

Sosial 2022-05-26 23:43:00