×
A
A
A
Sazlamalar

Könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təlim keçirilib

Bakı, 26 may, AZƏRTAC

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şabran nümayəndəliyində təlim keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, təlimdə könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda tədbir iştirakçılarına işçi qrupu tərəfindən hazırlanmış sertifikatlar, “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və digər zəruri təbliğat materialları təqdim edilib.

Cəmiyyət 2022-05-26 19:26:00