×
A
A
A
Sazlamalar

Gəncədə “Qarabağ süitası” musiqili ədəbi-bədii kompozisiya təqdim olunub

Bakı, 26 may, AZƏRTAC

Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və dəstəyi, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin və Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə "Şuşa İli"nə həsr olunmuş "Qarabağ süitası" adlı musiqili ədəbi-bədii kompozisiya təqdim olunub.
AZƏRTAC xəbər verir ki, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən tədbir Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin rəsm sərgisinin nümayişi ilə başladı. Azərbaycanın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aparıcı Günay Məmmədova Azərbaycan Respublikasının Prezidentinin "Şuşa İli" haqqında Sərəncamını diqqətə çatdırıb və qeyd edib ki, Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi ilə bütün mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir.
Sonra "Qarabağ süitası" kompozisiyası təqdim olunub.
Tədbirdə Əməkdar Mədəniyyət işçisi, şair-publisist Bəxtiyar Muradovun "Gözün aydın Qarabağım" poemasından nümunələr səsləndirilib. Konsert proqramında Uşaq İncəsənət Məktəbinin "Gəncə qönçələri" mahnı və rəqs ansamblı (bədii rəhbər Məsud Kərimov, xoreoqraf Xaliq Əliyev), "Xəmsə" nağaraçalanlar ansamblı (bədii rəhbər Söhrab İbrahimov), Samux rayon Qarayeri Uşaq Musiqi Məktəbinin "Simayi Şəms" ansamblı (bədii rəhbər Nail Bağırov), hər iki məktəbin xor kollektivləri, xanəndələri, vokalçıları biri-birindən maraqlı ifalarını təqdim etmişlər.
Sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov bütün təşkilatçılara və iştirakçılara öz minnətdarlığını bildirib.
Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin rəsm müəllimi, xeyriyyəçi heykəltəraş Qasım Qasımov "Azad Şuşa" adlı əl işini Regional İdarəyə hədiyyə edib.

Mədəniyyət 2022-05-26 19:11:00