×
A
A
A
Sazlamalar

Şəkidə heykəltəraş Fuad Əbdürrəhmanova həsr edilən “Monumental həyat” filmi nümayiş olunub

Şəki, 26 may, Mustafa Dadaşov, AZƏRTAC

Mayın 26-da Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində görkəmli heykəltəraş Fuad Əbdürrəhmanovun xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə şəhər rəhbərliyi, qonaqlar, ziyalılar, elm və sənət adamları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova ölkəmizdə mədəniyyətin, incəsənətin inkişafına böyük diqqət və qayğı göstərildiyini bildirib. Qeyd edilib ki, görkəmli incəsənət xadimi Fuad Əbdürrəhmanovun milli heykəltəraşlıq məktəbinin formalaşmasında və inkişafında müstəsna xidmətləri olub. Görkəmli sənət ustasının yaradıcılığı haqqında məlumat verən Zərinə Cavadova onun dəzgah və monumental heykəltəraşlığı sahəsində bir çox uğurlu əsərlər yaratdığını diqqətə çatdırıb, Fuad Əbdürrəhmanovun əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqı Şəki şöbəsinin sədri Tahir Həmidli Fuad Əbdürrəhmanovun Azərbaycan milli heykəltəraşlıq məktəbinin ilk nümayəndəsi və bu məktəbin əsasını qoymuş görkəmli heykəltəraş olduğunu bildirib.
Fuad Əbdürrəhmanovun ailə üzvləri çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür ediblər.
Sonra heykəltəraş Fuad Əbdürrəhmanova həsr olunmuş “Monumental həyat” adlı film nümayiş olunub. Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlıq Akademiyasının təşkilatçılığı, Milli Məclisin deputatı Cavanşir Feyziyev və “Havissos” MMC-nin dəstəyi ilə ərsəyə gəlmiş 39 dəqiqəlik filmdə Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyli və Asəf Zeynallının portretlərinin, həmçinin “Azad qadın”, Səməd Vurğun, Nizami Gəncəvi, Mehdi Hüseynzadə və Həzi Aslanovun heykəllərinin müəllifi olan Fuad Əbdürəhmanovun həyat və yaradıcılığı tam əks olunub. Samir Kərəmoğlu və Əli Mikayılovun rejissorluğu ilə hazırlanmış filmin çəkilişləri Bakı, Gəncə, Şəki, həmçinin Sankt-Peterburq, Moskva, Düşənbə və Brüssel şəhərlərində aparılıb. Filmdə nümayiş olunan epizodlar Azərbaycan Dövlət Arxiv İdarəsinin, Azərbaycan Dövlət Televiziyasının və Dövlət Film Fondunun arxivlərindən götürülüb.
Tədbir Şəki Dövlət Regional Kollecinin kollektivinin hazırladığı maraqlı konsert proqramı ilə davam edib.

Regionlar 2022-05-26 19:08:00