×
A
A
A
Sazlamalar

ADPU-nun Şamaxı filialının 30 illik yubileyi qeyd olunub VİDEO

Şamaxı, 26 may, R.Türkoğlu, AZƏRTAC

Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə ADPU-nun Şamaxı filialının 30 illik yubileyi və “Mirzə Ələkbər Sabir: tarixi yaddaş və müasirlik” mövzusunda Respublika elmi konfransı keçirilib.
Yubiley tədbirində rayon icra hakimiyyətinin və ADPU-nun rəhbərliyi, deputatlar, ADPU-nun Ağcabədi, Cəlilabad, Quba və Şəki filiallarının, pedaqoji kollec direktorları, incəsənət xadimləri, rayon ictimaiyyəti nümayəndələri, ADPU-nun Şamaxı filialının kollektivi və Vətən müharibəsi iştirakçısı olmuş məzunları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdən öncə Şamaxı rayonunda Şəhidlər xiyabanı, ulu öndər Heydər Əliyevin və dahi şair Mirzə Ələkbər Sabirin abidələri ziyarət olunub. Ziyarətlərdən sonra Şamaxı rayon Mədəniyyət Mərkəzində ADPU-nun Şamaxı filialının 30 illik fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.
Yubiley mərasimi mərkəzin konfrans zalında davam etdirilib. Torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında ADPU-nun Şamaxı filialının regionun təhsil həyatında oynadığı roldan bəhs edərək, filialın kollektivini yubiley münasibətilə təbrik edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov 100 yaşı tamam olan universitetin milli düşüncənin inkişafına, pedaqoji və elmi-pedaqoji kadrların hazırlığına əvəzsiz töhfələr verən ali təhsil ocağı olmasından bəhs edib. Qeyd olunub ki, son 100 ildə 160 mindən çox yüksəkixtisaslı müəllim kadrı hazırlayan ADPU və onun filialları, o cümlədən Şamaxı filialı bölgələrdə uğurla fəaliyyət göstərərək müasir baxışlı müəllim kadrları yetişdirilməsinə töhfə verirlər.
Cəfər Cəfərov filialın bir qrup əməkdaşına təltiflər təqdim edib. ADPU-nun Şamaxı filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Tünzalə Yusifova, filialın Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov, Tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Şasəddin Mikayılov Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, həmçinin Sosial və humanitar məsələlər üzrə direktor müavini, baş müəllim Şəlalə Seyidova və Tədris şöbəsinin müdiri, baş müəllim Fəxrəddin Məmmədov Təhsil Nazirliyinin fəxri fərmanını ilə təltif olunublar.
Tədbirdə qardaş Türkiyə Cümhuriyyəti Amasya Universitetinin dosenti Metin Hakverdioğlunun videotəbriki təqdim edilib.
Yubiley təbriklərinin ardınca Şamaxı filialının direktoru Tünzalə Yusifova 30 ildə filialın keçdiyi inkişaf yolundan bəhs edib. Qeyd olunub ki, hazırda bütün ali təhsil müəssisələri kimi, Şamaxı filialı da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın elmə və təhsilə göstərdikləri əvəzsiz diqqət və qayğı nəticəsində gündən-günə inkişaf edir. Bu gün regionda elm və təhsil mərkəzi kimi uğurla fəaliyyət göstərən ADPU-nun Şamaxı filialının məzunlarının Azərbaycanın dörd bir yanında filialı layiqincə təmsil etdikləri xüsusi vurğulanıb.
Sonra tədbir “Mirzə Ələkbər Sabir: tarixi yaddaş və müasirlik” Respublika elmi konfransının mövzusuna həsr olunuş çıxışla davam etdirilib.
Filialın müəllimi Rima Quliyeva görkəmli maarifpərvər şair Mirzə Ələkbər Sabirin yaradıcılığının müxtəlif aspektlərinə toxunub.
Tədbirin bədii hissəsi Şamaxı rayon Mədəniyyət Mərkəzi ansamblının və ADPU-nun Şamaxı filialının tələbələrinin ifası ilə davam etdirilib.

 

Regionlar 2022-05-26 17:59:00

Video