×
A
A
A
Sazlamalar

“Heydər Əliyevin elmi irsini öyrənirik” məktəbinin ilk dərsi

Bakı, 26 may, AZƏRTAC

Heydər Əliyevin xalqımız və onun dövlətçiliyi üçün etdikləri zaman keçdikcə daha qabarıq və aydın görünür.
AZƏRTAC xəbər verir ki, bunu YAP Səbail rayon təşkilatında işə başlayan “Heydər Əliyevin irsini öyrənirik” məktəbindəki ilk dərsin açılışında rayon təşkilatının sədri Muxtar Nağıyev müdavimlər qarşısında çıxış edərkən deyib.
Məktəbin açılışında iştirak edən şəxslər Ümummilli Liderin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Məktəbin fəaliyyət məqsədinin Ümummilli Liderin irsinin gənc nəslə öyrədilməsini şərtləndirən amillərdən olduğunu söyləyən Muxtar Nağıyev deyib: “Ulu öndər Heydər Əliyevin zəngin elmi irsinin metodiki ardıcıllıqla öyrənilməsi gənclərimiz üçün ona görə vacibdir ki, onlar bunu öyrənməklə sosial həyatımızın bütün sahələri üzrə suallara cavab tapa biləcəklər”.
İlk dərsin lektoru, Zərifə Əliyeva-96 ərazi partiya təşkilatının sədri Piralı Əliyev rayonun idarə və təşkilatlarını təmsil edən müdavimlərə Heydər Əliyevin xalqımıza, gələcək nəsillərə təkcə müasir Azərbaycan dövlətçiliyinin klassik nümunəsini deyil, o dövləti sonsuzluğa qədər qorumaq nəzəriyyəsini də əmanət etdiyini bildirib.
Xatırladırıq ki, 6 ay müddətində davam edəcək dərslərin yekununda müdavimlərə müvafiq sertifikatlar təqdim ediləcək.

 

 

Cəmiyyət 2022-05-26 17:33:00