×
A
A
A
Sazlamalar

Tibb işçiləri arasında Müstəqillik Gününə həsr edilən şahmat turniri keçirilib

Bakı, 26 may, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Bakı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunan şahmat turniri keçirilib.
Turnir TƏBİB-in müxtəlif struktur bölmələrinin və həmçinin tabeli tibb müəssisələrinin əməkdaşları üçün nəzərdə tutulub. Ümumilikdə, turnirdə 48 tibb və qeyri-tibb işçisi mübarizə aparıb.
AZƏRTAC TƏBİB-ə istinadla məlumatına görə, turnirin açılış mərasimində çıxış edən qurumun İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova iştirakçıları salamlayaraq bildirib ki, belə tədbirlərin keçirilməsində məqsəd TƏBİB-in və tabeli tibb müəssisələrinin əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkili, intellektual oyunlar keçirməklə onlarda cəld və düzgün qərar qəbuletmə keyfiyyətlərinin və intellektual səviyyənin qeyri-formal yolla inkişafına dəstək olmaq, eləcə də intellektual şəbəkələşmə prosesinə təkan verməkdən ibarətdir. 9 turdan ibarət olan turnir 4 saat davam edib.
Tədbirin sonunda maraqlı mübarizə ilə yaddaqalan turnirin qalibləri təltif olunublar.
Təltifetmə mərasimində çıxış edən TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bildirib ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına, intellektual potensialın gücləndirilməsinə qayğı dövlətin sosial siyasətinin ən vacib tərkib hissəsidir.
O, intellektual tədbir, yarış və görüşlərin tibb və qeyri-tibb personalı arasında kommunikasiyanın güclənməsi üçün mühüm rol oynadığını bildirib. İstər 44 günlük Vətən müharibəsində, istərsə də “COVID-19” pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində tibb işçilərinin fədakar fəaliyyətini xatırladan V.Qurbanov bu cür sosial-mədəni tədbirlərdə də onların fəal iştirakını yüksək qiymətləndirdiyini qeyd edib.

Səhiyyə 2022-05-26 16:43:00