×
A
A
A
Sazlamalar

Könüllü gənclər Sədərək rayonunda yaşayan şəhid ailələrini ziyarət ediblər

Sədərək, 26 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə Naxçıvanda təhsil alan türkiyəli tələbələrin də daxil olduğu bir qrup könüllü gənc Sədərək rayonunda yaşayan şəhid ailələrini ziyarət ediblər.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, könüllü gənclərə qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib, ailə üzvləri şəhidlərimizlə bağlı xatirələrini bölüşüblər.
Gənclər və idman nazirinin müavini, Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda, vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaq məqsədilə muxtar respublikada şəhid ailələri davamlı ziyarət olunur.

Regionlar 2022-05-26 16:35:00